Enriko Letta qədim İçərişəhərlə tanış olub
12 Avqust 2013 Bazar Ertəsi 01:54
Enriko Letta "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Avqustun 11-də İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Letta Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində qədim İçərişəhərlə tanış olub. Trend-in xəbərinə görə, Nazirlər Şurasının Prezidenti Enriko Letta əvvəlcə İtaliyanın Azərbaycandakı səfirliyinə gələrək burada yaradılan şəraitlə tanış oldu, binanın üst qatından Bakının mənzərəsini seyr edib.

Elektromobillə gəzinti zamanı Enriko Lettaya UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Gəzinti zamanı İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti rəssam Əli Şəmsinin emalatxanası ilə tanış oldu. Burada hörmətli qonağa xatirə hədiyyəsi verilib. Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti təndir çörəyinə qonaq edilib.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da Enriko Lettada böyük maraq doğurub.

Daha sonra İtaliya Respublikası Nazirlər Şurasının Prezidentinə Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasında muzey konservasiyası işləri aparılır.

Daha sonra Enriko Letta Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı"nda çay süfrəsinə qonaq edilib. Enriko Letta "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq İtaliya Respublikası Nazirlər Şurasının Prezidentinə hədiyyələr təqdim edilib.









DOSTLARINLA PAYLAŞ:

oyunlar