İlin sonuna qədər BTQ dəmiryol xəttində qatarlar hərəkətə düşəcək.
2007-ci ildən tikintisinə başlanan dəmir yolu Azərbaycanla Gürcüstan arasında vacib strateji layihələrdən biri idi. Amma Gürcüstanda baş verən hökumət dəyişikliyindən, baş nazir Bidzina İvanişvilinin Bakı-Tiflis-Qars dəmiryolu xəttinin Gürcüstan üçün bir o qədər də əhəmiyyətli olmadığını və bu layihəyə yenidən baxılacağı barədə bəyanatı layihənin tikintisində müəyyən ləngimələr yaratdı. Sonradan bu problem aradan qalxdı və layihənin icrası artıq yekunlaşmaq üzrədir.
Layihənin Türkiyə ərazisində olan hissəsində uzunluğu 4,4 kilometr olan tunel tikiləcək və bu tunelin tikintisi həm Gürcüstan, həm də Türkiyə tərəfindən həyata keçiriləcək. Tunel 450 metr dərinlikdən keçir. Tunelin Turkiyə ərazisindəki Gürcüstan sərhəddinə qədər olan 2,5 km hissəsi demək olar ki, hazırdır. Dəmir yolu istifadəyə veriləndən sonra ilkin mərhəldə ildə 5 mln ton yükün daşınması nəzərdə tutulub.
Daha sonra isə yükdaşımaların həcminin 10-15 milyon tona kimi qaldırılması planlaşdırılır. Layihənin həyata keçirilməsi üçün ayrılan vəsaitin kifayət etdiyini bildirən Nəqliyyat nazirinin müavini Musa Pənahov dəmiryol xətti ilə ilk qatarın Türkiyə sərhədinə qədər hərəkətinin bu ilin sonuna kimi mümkün olacağını, 2014-cü ildə isə Bakı-Tiflis-Qars dəmir yol xəttinin tikilib tamamlanacağını bildirib.