Elşad Abdullayev Misir Merdanova ev verib?
27 İyul 2013 Şənbə 10:08
ABU-nun rektoru Elşad Abdullayev: Bütün bunlar Arzu Kazımovun uydurmasıdır.
“Mən keçmiş təhsil naziri Misir Mərdanova ev verməmişəm. Bütün bunlar Arzu Kazımovun uydurmasıdır”. Bu sözləri “Azadlıq”a fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev bildirib.
Xatırladaq ki, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işi ilə əlaqədar həbs edilən iş adamı Arzu Kazımovun vəkili Ramiz Zeynalov məhkəmə prosesində iddia edib ki, sabiq rektor Misir Mərdanova ev verib. Onun sözlərinə görə, “İnşaat-2002" MMC-nin Əhməd Cavad küçəsi 15 ünvanında inşa etdiyi 64 mənzilli binanın yalnız 32 mənzili Arzu Kazımova çatıb. Vəkil deyib ki, Arzu Kazımov həmin binadan Elşad Abdullayevə mənzillər təklif edib: ”Lakin Elşad Abdullayev həmin mənzillərin alqı-satqısını həyata keçirməyib. Səbəb isə o idi ki, həmin ərəfədə təhsil nazirinin qızının toyu olacaqdı. Onlar da həmin mənzilləri təhsil nazirinin kürəkəninin adına keçirməli idilər".
Elşad Abdullayev isə bildirir ki, Arzu Kazımov cinayətlərini ört-basdır etmək üçün ona böhtan atır: “Arzu Kazımovun cinayətləri audio və videofaktlarla sübuta yetirilib. Lakin bu adam yenə də yalan danışır, zərərçəkmişə, yəni mənə böhtan atır. Misir Mərdanovun qızının toyu 2000-ci ildə olub. Burada isə söhbət 2007-ci ildən gedir. Arzu Kazımovun vəkilinin söylədikləri tamamilə yalandır”.
Elşad Abdullayev bir məqama da aydınlıq gətirib: “Mən rəhmətlik Zahid Dünyamalıyevə verilməsi üçün Arzu Kazımova 1 milyon 500 min dollar pul vermişəm. Lakin bunlar Mahiri tapmadılar və yenə pul istədilər. Mən məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət etdim. O isə dedi ki, mənə çatası pulu da Zahid Dünyamalıyevə verdim. Mən yenə də 1 milyon 500 dollar verdim. Sonra Zahid Dünyamalıyev müəmmalı şəkildə öldü. Indi həmin pulu Ramil Usubov qaytarmalıdır. Çünki o mənə deyib ki, ver”
DOSTLARINLA PAYLAŞ: