Elçibəyin ailəsi Hürrü Əliyevin ittihamlarına münasibət bildirdi
22 Fevral 2013 Cümə 13:52
Hürrü Əliyev belə ləyaqətsiz addım atmaqla Elçibəyin müqəddəs ruhunu incidib.
Əbülfəz Elçibəyin ailəsi bəyanat verib. ANS PRESS-in məlumatına görə, bəyanatı eks-prezidentin kürəkəni Aqil Səmədbəyli özünün Facebook səhifəsində yayıb. Bəyanatda deyilir ki, hələ Əbülfəz Elçibəy Ankarada xəstə yatağında ikən onun adından sui-istifadə halı başlayıb və indi də davam etməkdədir: "Ən son Hürrü Əliyev bele bir ləyaqətsiz addım atmaqla nə yazıq ki, Elçibəyin müqəddəs ruhunu incidib. Elçibəyin adı ilə bağlı olan hər kəs - istər ailə üzvləri, istər qohum-əqrəbası, istərsə də onun ideyasının daşıyıcıları hər şəydən əvvəl bu adın müqəddəsliyinə xələl gətirməməlidir".

"Elçibəyin adından şəxsi və cılız nəfslərini təmin etmək istəyi ilə hərəkət edənləri şiddətlə qınayır,bu cür davranışların heç bir əxlaqa,ləyaqətə sığmadığını bildiririk. Eyni qaydada, Elçibəyin qohumlarının maddi imkansızlığından yararlanaraq onları siyasi məqsədlər üçün alət etmənin də ləyaqətsiz davranış olduğu qənaətindəyik", - bəyanatda bildirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Əbülfəz Elçibəyin qardaşı oğlu, “Milli İdeya Naminə” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev mediaya və ictimaiyyətə müraciət ünvanlayıb. H. Əliyev APA-ya göndərdiyi müraciətində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin əmisi Əbülfəz Elçibəyin zəhərlənməsində iştirak etdiyini iddia edib. O bildirib ki, əmisinin zəhərlənməs ilə bağlı ona hələ Ə. Elçibəyin ölümündən dərhal sonra bildiriblər: “Azəri-Türk” Qadınlar Cəmiyyətinin Türkiyə təmsilçisi, eyni zamanda Əbülfəz Elçibəylə yaxın münasibətlərdə olmuş Sevgi Erenerolla 2000-ci ilin avqust ayının 22-də əmim Əbülfəz Elçibəyin dəfn mərasimindən sonra evimizdə söhbət edirdik. O, Gülhanə Tibb Akademiyasının həkimləri ilə söhbətlərindən əmim Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı onda şübhələr yarandığını dedi. Hətta Qabil hoca adlı hərbi həkimin əmimin istifadə etdiyi hər hansı bir əşyasının ona gətirilməsini xahiş etdiyini bildirmişdi. Sevgi Erenerol bizdən bunu istəyəndə o, dönəmdə bu məsələyə bir qədər soyuq yanaşıldığı üçün əmimin hən hansı əşyasını əldə edib ona təqdim edə bilmədik. Onu da qeyd etmək istəyirəm ki, Sevgi Erenerolla söhbətlərimizdə o, dəfələrlə Əli Kərimlinin adı gələndə onu «ajan» adlandırmış, hətta əmimin sağlığında özünü Əli Kərimlidən qorunması barədə ona dəfələrlə xəbərdarlıq etdiyini bizə bildirmişdi”.

H. Əliyev qeyd edib ki, həmin dövrdə əmisinin zəhərlənməsi ilə bağlı mətbuatda yazılsa da, buna ciddi əhəmiyyət verməyib: “Lakin əmimin zəhərlənməsi ilə bağlı Bakı şəhər prokurorluğunda istintaq getdiyi dövrdə, yəni təxminən 2012-ci ilin oktyabr ayının əvvələrində Əli Kərimli atamın yaşadığı evə gələrək, böyük narahatçılıqla atamdan istintaqın dayandırılmasını israrlı şəkildə xahiş etdi. Bu, məndə ona olan şübhələri artırdı. Mən bunları istintaqa verdiyim ifadəmdə də göstərmişəm”.

H. Əliyev daha sonra Əbülfəz Elçibəy Kələkidə olarkən, ona Türkiyədən 100 min dollar göndərildiyini, həmin vəsaitin də Əli Kərimli tərəfindən mənimsənildiyini iddia edib: “ Əmim ona şəxsi ehtiyaclarını ödəmək üçün Türkiyədən göndərilmiş 100 000 ABŞ dollarını bütövlükdə Əli Kərimliyə verdi və bunu partiyanın inkişafına, partiya üzvlərinin müəyyən ehtiyaclarının qarşılanmasına sərf etməsini tapşırdı. Amma Əli Kərimli həmin pulu, yəni 100 000 ABŞ dollarını Rusiyada biznes fəaliyyəti ilə məşğul olan yaxınlarına vermişdi”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar