Dovşanın qiyməti açıqlandı
03 İyun 2013 Bazar Ertəsi 11:58
2013-2014-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddəti və normaları müəyyən edilib.
Azərbaycan ərazisində 2013-2014-cü illər üçün ov mövsümünə 1 iyun 2013-cü il tarixindən etibarən start verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2013-2014-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normalarını müəyyən edib:

• Təkə 01 iyun - 19 oktyabr 2013-cü il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)
• Qaban (çöl donuzu) 14 sentyabr - 21 dekabr 2013-cü il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)
• Dovşan 09 noyabr 2013-cü il - 11 yanvar 2014-cü il tarixlərində; 2 baş (adambaşına)
• Bataqlıq qunduzu (nutriya) 12 oktyabr 2013-cü il-23 fevral 2014-cü il tarixlərində (nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir).
• Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi eyni zamanda ölkəmizdə vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə aşağıda göstərilən regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:

• Qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı;
• Təkə - Zaqatala, Şəki, Qax, Quba ;
• Dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı.

Ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Bundan başqa birdəfəlik ov icazəsinin qiyməti isə aşağıdakı kimi müəyyən edilib:

• Dovşan 2 manat 20 qəpik;
• Çaqqal 3 manat 96 qəpik;
• Yenot və qunduz 1 manat 65 qəpik;
• Təkə 24 manat 75 qəpik;
• Qaban (çöl donuzu) 16 manat 50 qəpik.

Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyin bəyan edir ki, Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan olunub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar