Dövlət qulluğuna müsabiqə elan edilib
16 Aprel 2013 Çərşənbə Axşamı 11:12
82 dövlət orqanında 575 vakant yer ayrılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 82 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 575 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edib.

ANS PRESS-in Komissiyanın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 380-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 162-si isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 28-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 5-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında və Azərbaycan dili üzrə bilikləri 15, qanunvericilik sahəsində bilikləri 40, informasiya texnologiyaları sahəsində bilikləri 15, məntiqi düşünmə qabiliyyəti sahəsində bilikləri isə 30 test tapşırığı ilə yoxlanacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları 30 gün müddətində elektron və ya kağız daşıyıcılar vasitəsilə Komissiyada qeydiyyatdan keçməlidirlər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini 20 gün müddətində Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Ən çox vakansiya mərkəzi icra hakimiyyəti orqanları üzrə Dövlət Statistika Komitəsinin (78 yer), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (73 yer), Sənaye və Energetika Nazirliyinin (60 yer), məhkəmə hakimiyyəti orqanları üzrə isə Bakı Apellyasiya Məhkəməsi (13 yer) və Şirvan Apellyasiya Məhkəməsinin (10 yer) payına düşür.



DOSTLARINLA PAYLAŞ:

oyunlar