İdarə tələbə və şagirdlər arasında foto, rəsm müsabiqəsi elan edib.
Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tələbələr arasında “Bayrağımız qürur mənbəyimizidir” adlı foto-müsabiqə, eləcə də ölkə ərazisində yerləşən ümumtəhsil məktəblərinin 6-13 yaşında şagirdləri arasında rəsm müsabiqəsi elan edir. İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, foto-müsabiqədə iştirak etmək arzusunda olan tələbələr əgər fotoşəkli Dövlət Bayrağı Meydanında çəkmək istəyərlərsə, oktyabrın 10-na qədər
[email protected] ünvanına şəxsiyyəti təsdiq edən sənədin foto-surətinı və əlaqə telefonunu ğöndərməlidir. Çəkilişin aparılacağı gün və vaxt barədə məlumat veriləcək.
Meydanın kənardan çəkilmiş yüksək keyfiyyətli rəngli və rəngsiz fotoşəkilləri isə jpg, jpeg, raw, raw formatda oktyabr ayının 25-ə qədər
[email protected] ünvanına Google Drive, wetransfer.com, sendspace.com və vasitəsilə təqdim edilməlidir.
Eyni zamanda e-maildə müəllifin adı və soyadı, yaşı, təhsil aldığı müəssisənin adı, ixtisası, ev ünvanı, əlaqə telefonu qeyd olunmalı, şəxsiyyəti təsdiq edən sənədin foto-surəti də göndərilməlidi.
Təşkilat komitəsi tərəfindən 3 fotonun sahibi qalib kimi seçilərək qiymətli hədiyyə ilə mükafatlandırılacaq. Rəsm müsabiqəsinin iştirakçıları isə Dövlət Bayrağı Gününə həsr olunmuş, istənilən üsulla çəkilmiş, A2-A3 formatlı, rəngli rəsm işlərini, müəllifin doğum haqqında şəhadətnaməsinin surətini 2013-cü il oktyabr ayının 25-dək Bakı şəhəri, Dövlət Bayrağı Meydanına təqdim etməlidir.
Münsiflər heyətinə təqdim edilən rəsm işlərinin arxa tərəfində, aşağı sağ küncündə hündürlüyü 4 sm, eni 10 sm olan ağ sahədə rəsm işinin müəllifinin adı və soyadı, yaşı, ev ünvanı,təhsil aldığı məktəbin nömrəsi və ya adı, sinfi, əlaqə telefonu qeyd edilməlidir.
Azərbaycan Respublikasının dövlət rəmzlərinə dair müvafiq qanunvericiliyə, eləcə də müsabiqə şərtlərinə uyğun olmayan şəkillər müsabiqəyə qəbul edilmir.
Təqdim edilmiş işlər geri qaytarılmır və onlara dair bütün müəlliflik hüquqları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə məxsusdur.