Doktor Cavad Heyət ölüb
13 Avqust 2014 Çərşənbə 01:43
Doktor Cavad Heyət qansızlıq və pnevmaniya diaqnozu ilə müalicə olunurdu
Azərbaycan türklərinin böyük oğlu, görkəmli kardioloq, böyük ictimai-siyasi xadim, Güney Azərbaycan milli hərəkatının görkəmli siması Cavad Heyət vəfat edib.

ANS PRESS-in məlumatına görə, Cavad Heyəti avqustun 12-də səhər saatlarında dünyasını dəyişib.

Cavad Heyət ötən ayın əvvəlindən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, qansızlıq və pnevmaniya diaqnozu ilə müalicə olunsa da, həkimlər vəziyyətini yaxşılaşdıra bilməyiblər.

1925-ci il mayın 24-də Təbriz şəhərində anadan olan Cavad Heyət ilk orta təhsilini İranda alıb. 1946-cı ildə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il müddətində Paris Universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıdıb və orada öz klinikasını açıb.

Cavad Heyət Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professorudur. Əlli ildən çoxdur ki, cərrahlıqla məşğuldur. Öz xüsusi klinikası olmaqla yanaşı, Tehran-Pars xəstəxanasında da çalışırb.

Doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub.

1983-cü ildə isə cərrahiyyənin inkişafına verdiyi elmi-nəzəri və əməli uğurlarına görə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib.

Bundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin cərrahiyyə kafedrasına rəhbərlik edib. Fars dilində cərrahlıqla bağlı üç cildlik dərs kitabının, eyni zamanda ikisi fars və beşi də türk dilində olan yeddi cildlik türkoloji kitabın müəllifidir.

Cavad Heyət cərrahiyyə ilə bağlı Azərbaycan, Amerika, Fransa, Türkiyə və bir çox Avropa universitetlərində tez-tez mühazirələr oxumaq üçün dəvətlər alırdı.

Cavad Heyət həmçinin “Varlıq” dərgisinin təsisçisidir. O, 36 ildən artıqdır ki, türk və fars dillərində yayılan bu ədəbi-mədəni dərgini nəşr etdirirdi.

Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarının müəllifidir.

O, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvüdür.

Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və “Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz” mükafatına layiq görülüb.

Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru idi.

Allah rəhmət eləsin.


DOSTLARINLA PAYLAŞ:

oyunlar