Bir daha eşidib bilsəm ki, plyonkalı maşın var...
13 Fevral 2013 Çərşənbə 01:02
Mən prezidentəm, mənim maşınımda plyonka yoxdur, hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar.
Prezident İlham Əliyev “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında plyonkalı avtomobillərdən də danışıb: “Bir neçə il əvvəl mən göstəriş vermişdim ki, maşınlardan plyonkalar sökülsün və buna son qoyulsun. Mən prezidentəm, mənim maşınımda plyonka yoxdur, hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər? Qorxurlar ki, kimsə onları görəcək? Camaat onları görsə, nə olacaq ki, əriyəcəklər? Mən demişdim, o vaxt tədbirlər görüldü, söküldü, bu gün səhər maraqlanırdım, daxili işlər naziri deyir ki, təkcə ötən il 24 min plyonka söküblər. Bu 24 min adamın qulağı yoxdu? Onlar mənim nə dediyimi eşitmirlər? Yoxsa onların yadından çıxıb? Bu o qədər də böyük məsələ deyil, amma göstəricidir. Bu nə ayrı-seçkilikdir cəmiyyətdə? Sənin vəzifən, pulun var, özünü fərqləndirirsən. Sən get özünü işinlə, əməlinlə, ağlınla, ölkəyə verdiyin töhfəylə fərqləndir, daha plyonka ilə, bahalı əşyalarla yox”.

Prezident qeyd edib ki, o bununla bağlı daxili işlər nazirinə tapşırıq verib: “Bu gün də daxili işlər nazirinə dedim, bir daha eşidib bilsəm ki, plyonkalı maşın var, o maşın müsadirə edilməlidir. Qanunvecilikdə hansı düzəlişlər etmək lazımdırsa, onu da edərik. Belə olmaz, harınlayırlar, qudururlar, heç kimi saymırlar”.

Dövlət başçısı vəzifəli şəxslərin ailə üzvləri ilə bağlı gələn informasiyalardan da danışıb: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların güvəndiyi adamları vəzifəyə mən təyin eləmişəm, mən də lazım bildikdə çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü hardasa xuliqanlıq, nadanlıq edib, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Bunu hamı bilsin. Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər, hamısı həbs ediləcək. Vəssəlam”.

Prezident qeyd edib ki, bu barədə Daxili İşlər Nazirliyi də məlumat verəcək: “Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənəmizi yerə vuran hər kəs cəzalanacaq. Bunu hamı bilsin. Mən hesab edirdim ki, bir neçə dəfə bu barədə dediyim sözlər hamıya çatdı. Amma görürəm ki, sonra unudulur. Bu son xəbərdarlıqdır. Cəmiyyətdə normal davranış qaydaları var, olmalıdır. Bizi milət kimi saxlayan adət-ənənəmiz, davranış qaydalarımızdır. Bunu pozmaq istəyənlər öz cəzalarını alacaqlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar