Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə start verildi
04 Aprel 2013 Cümə Axşamı 20:50
Beynəlxalq Turizm və Səyahətlər Sərgisi aprelin 6-a qədər davam edəcək.
Yay turizm mövsümünün başlanması ilə əlaqədar olaraq, bu gün Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə start verilib. Sərgidə 35 ölkədən 251 şirkət iştirak edir. Beynəlxalq turizm və səyahətlər sərgisi mədəniyət və turizm nazirliyinin dəstəyi ilə artıq 12-ci ildir ki, keçirilir. Sərginin keçirilməsində məqsəd turizm xidmətlərinin fəaliyyətini əyani şəkildə təqdim etməkdir.
Hər il sərginin iştirakçısı olan ölkələrin sırasına bu il Kanada, Mərakeş, Tailand, Tunis, Çernoqoriya və Monakonun da turoperatorları qoşulub.
Sərginin əsas bölümünə aviaxətlər, avia-agentliklər, mehmanana şəbəkələri, biznes səfərlərinin təşkili, sanatoriya və pansionatlar, bir sözlə, bütün turizm sahələri daxildir. Sərgidə xarici turizm şirkətləri ilə yanaşı, yerli turizm şirkətləri də iştirak edir. Onlar sərgi iştirakçılarının marağını özlərinə qeyri-adi təqdimatlar ilə cəlb etməyə çalışırlar.
Turizm şirkətləri ilə yanaşı, sərgidə əl işlərindən ibarət olan sənətkarliq nümunələri də təqdim olunur. Türkiyənin “Möhtəşəm yüzyıl” serialının baş qəhrəmanı olan Hürrəm Sultan üçün hazırlanan bəzək-düzək əşyalari da sərgilənir. Bu bəzək nümunələrini 48 ildir ki, bu sənətlə məşğul olan usta Hasan Tabakoğlu hazırlayır. Sərgi aprelin 6-a qədər davam edəcək.