Balakəndə zəlzələdən zərər çəkmiş ailələrə yardım göstərilir
20 Oktyabr 2012 Şənbə 11:16
Zərurət yaranarsa, ailələrə əlavə çadırlar veriləcək.
Balakən rayonunda oktyabrın 13-14-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində kompleks tədbirlər davam etdirilir.
Rayon fövqəladə hallar komissiyasının sədri Azad Balayev AzərTAc-a bildirib ki, indiyədək komissiyaya yerlərdən 2500-ə yaxın müraciət daxil olub. Zəlzələdən zərər çəkmiş ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) 7 işçi qrupu araşdırma aparır. Evləri zərər görmüş ailələrin yerləşdirilməsi üçün indiyədək əhaliyə 110 çadır paylanılmışdır. Zərurət yaranarsa, ailələrə əlavə çadırlar veriləcək.
Təbii fəlakətdən zərər çəkmiş evlərin təmiri üçün FHN tərəfindən rayona tikinti materiallarından ibarət yardım gətirilmişdir. Buraya 12 min ədəd şifer, 40 min metr tamasa (reyka), 2 min ədəd faner taxta, 1500 ədəd böyük ölçülü sintetik örtük daxildir. Hazırda yardım zərər çəkmiş ailələrə paylanılır.
DOSTLARINLA PAYLAŞ: