Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
25 Fevral 2013 Bazar Ertəsi 11:05
BŞDYPİ sürücülərə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi tövsiyə edir.
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, fevralın 26-da Xocalı soyqırımı qurbanlarının anım günü ilə əlaqədar Xocalı prospekti, "Ana fəryadı" abidəsinin önündə keçiriləcək hüzn mərasimində iştirak edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə Xətai rayonu Xocalı prospektində bütün avomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Tədbirin səhər saat 8:00-dan başlanılmasını nəzərə alaraq, tədbir tam başa çatana qədər Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov, İzzət Orucov, Fəzail Bayramov, Sabit Orucov küçələrindən Xocalı prospektinə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla onların istiqamətləri dəyişdiriləcək.
Sürücülərdən tədbirin keçirildiyi ərazidə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi xahiş olunur və nəqliyyat sıxlığının yaranmaması məqsədi ilə ictimai nəqliyyat vasitələrindən istifadə edilməsi tövsiyə edilir.
DOSTLARINLA PAYLAŞ: