ANS PRESS Yeni il atributları satılan mağazalardan reportajı təqdim edir.
Yeni ilin yaxınlaşması ilə əlaqədar Bakıda bayram abu-havası duyulmağa başlayıb. Paytaxtda yolka agacları, oyuncaqlar, oyuncaq şaxta babalar artıq satışdadır.
ANS PRESS olaraq paytaxtda yeni il atributlarının satıldığı bir-iki yerə baş çəkdik. Müşahidələrimizdən gördük ki, Yeni il yolka və oyuncaqlarını istənilən formada və qiymətdə tapmaq olar. Əsasən Çin, Türkiyə, Rusiyadan gətirilən oyuncaq və yeni il yolkalarının qiymətləri satış yerlərindən asılı olaraq dəyişir.
Paytaxtın mərkəzidə, Nizami küçəsində bayram lavazımatları nisbətən baha satılırsa, “28 may” metrostansiyası və onun kimi digər topdansatış mərkəzlərində qiymət daha ucuzdur.
Əgər “Torqovi” kimi tanınan ərazidə 1 metrlik yolka 40 manata satılırsa, digər yerlərdə bunun qiyməti 25-30 manat arasında dəyişir.
Qeyd edək ki, yeni ilin atributu olan yolka ağaclarının ən ucuzu 15 manatadır. Ən bahalı yolkanın qiymətini dəqiq demək mümkün deyil, amma rastlaşdığımız ən bahalı ağac 2000 manata satılırdı. Satıcılar isə deyirlər ki, yolkaların qiyməti gətirildiyi ölkədən asılı olaraq dəyişir. Lakin əksər yerlərdə satılan bayram atributları Çindən gətirlir.
“Biz yeni il oyuncaqlarını və yolkaları əsasən Çindən gətiririk. Yolkalar 15 manatdan 100 manata qədərdir. Oyuncaqlar isə 3 manatdan başlayır. Bəzən bizdən alıb, başqa yerdə baha qiymətə satırlar, yalandan da deyirlər ki, guya Türkiyədən, Rusiyadan gətirmişik. Caamaatın çoxu da onlara inanır”, - deyə Dəmir Yolu vağzalının yaxınlığında yerləşən mağazanın satıcısı Zaur Məmmədov bildirdi.
Bəzi satış məntəqələrində ötən ildən qalan yolka və bayram oyuncaqları da satılırdı ki, onların qiyməti nisbətən daha ucuz idi. Bu da, həmin yolkaların dəbdən düşməsi ilə əlaqədardır. Hidayət adlı satıcı deyir ki, həmin yolkalar ucuz satıldığı üçün onları daha çox alırlar.
Sonda isə bildirək ki, ailə bir yolka ağacının bəzədilməsi üçün ortalama 50 manat xərc çəkməlidir. Bura ağacın, oyuncaqların, zərlərin və ona yaraşıq verən işıqların qiyməti daxildir.