Bakıda sağlamlıq festivalı keçiriləcək
04 Aprel 2013 Cümə Axşamı 13:58
Festivalın keçirilməsində məqsəd gənclər arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliğidir.
Bakıda "Fəal ol! Sağlam ol! Həyat boyu qalib ol!" şüarı altında sağlamlıq festivalı keçiriləcək. Gənclər və İdman Nazirlyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 6-da Bakı şəhəri Nərimanov rayonunda yerləşən S.Xasıyev adına parkda Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş "Fəal ol! Sağlam ol! Həyat boyu qalib ol!" şüarı altında sağlamlıq festivalı keçiriləcək.

Bu festival "Sağlamlıq - bizim hüququmuzdur" şərti adı altında cari ilin aprel-may aylarında keçiriləcək aylığın başlanğıcıdır. Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə əməkdaşlığı ilə keçirilir.

Festivalın keçirilməsində məqsəd "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndində əks olunmuş gənclər arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliğ edilməsidir.

Festivalda Bakı şəhərinin müxtəlif məktəblərinin şagirdlərinin iştirakı ilə fiziki aktivliklə bağlı bir sıra yarışlar keçiriləcək. Yarışlarda orta məktəb şagirdləri ilə bərabər sağlamlıq imkanları məhdud olan uşaqlar da iştirak edəcəklər.

Festival zamanı gənclər arasında maarifləndirici materiallar paylanacaq.

Festivalın açılışı Nərimanov rayonunda yerləşən S.Xasıyev adına parkda ("Nərimanov" metro stansiyanın yaxınlığında) saat 11.00-da baş tutacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar