Bakıda nəqliyyat problemlərinin həlli üçün tədbirlər planı hazırlanır
03 Fevral 2013 Bazar 14:34
Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi 2014-cü ilin əvvəllərində yekunlaşacaq.
Birinci Avropa Oyunları ərəfəsində Bakıda nəqliyyat problemlərinin aradan qaldırılması üçün 2013-2014-cü illərə dair tədbirlər planının layihəsi hazırlanır və fevral ayının sonunadək Avropa Oyunlarının Təşkilat Komitəsinə təqdim ediləcək. ANS PRESS-in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında deyib. Onun sözlərinə görə, tədbirlər planı üç əsas hissədən ibarətdir:

- Nəqliyyat vasitələri, avtobuslar, minik və taksi avtomobilləri, metro vaqonları, mövcud nəqliyyat vasitələri, onların texniki vəziyyəti və təminat imkanları, nəqliyyat xidmətlərinin tam təminatı üçün nəqliyyat parkının yeniləşdirilməsi.

- Bakı şəhərində nəqliyyat infrastrukturu. Gözlənilən sərnişin dövriyyəsinin təmin olunması üçün mövcud vağzalların və hava limanının imkanlarının araşdırılması və tədbirlərin görülməsi, Olimpiya stadionuna və digər idman obyektlərinə gedən əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və qovşaqların inşası, şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndirilməsi və yeni yolların tikintisi, bütün yolların xətlənməsi və yol nişanlarının qoyulması, əsas magistral yolların tikintisinin yekunlaşdırılması.

- Nəqliyyat xidmətlərinin idarə olunması və təşkili. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bazasında olimpiya oyunlarına cəlb olunmuş bütün nəqliyyat vasitələrinin və onlara xidmət göstərən şəxslərin fəaliyyətinin idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək qərargahın yaradılması, nəqliyyat xidməti göstərən sürücü və digər kateqoriyadan olan işçilərin hazırlanması, onlar üçün xüsusi təlimatların tərtib olunması, dil hazırlıq kurslarının təşkili və bu kontingent üzrə məlumat bazasının yaradılması, nəqliyyat daşımalarında təhlükəsizliyin təmin olunması, ictimai nəqliyyatın hərəkətinin təşkili üçün xüsusi zolaqların, hərəkət marşrutlarının və parklanma yerlərinin təşkili, görülən işlər barədə kütləvi informasiya vasitələrinə məlumat verilməsi və internet səhifələrində yerləşdirilməsi.

Nazir deyib ki, əsas tədbir və oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların tikintisi əsas məsələlərdən biridir: "Hazırda Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi davam etdirilir və 2014-cü ilin əvvəllərində yekunlaşacaq. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya Stadionuna birbaşa yolun tikintisinə yaxın günlərdə başlanılacaq və 2015-ci ilin birinci rübündə yekunlaşacaq. Həmçinin, Buzovna-Mərdəkan-Qala, Qala-Zığ şosesi bağlantısı 2014-cü ilin birinci yarısında yekunlaşacaq. Şəfa stadionunun qarşısındakı tunel və yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı bu il istismara veriləcək. Sadalanan bu yollar olimpiya oyunları zamanı nəqliyyatın əsas marşrutlarını əhatə edir. Bundan başqa şəhərin digər mövcud yollarında da təmir-bərpa və genişləndirmə işləri aparılacaq".

Ziya Məmmədov məlumat verib ki, eyni zamanda, respublikada yerli əhəmiyyətli yollarda da işlər davam etdirilir. Qonaqların gəliş-gedişinin təmin edilməsi və yüksək səviyyədə xidmətin göstərilməsi üçün Bakı dəmir yolu vağzalında yenidənqurma işləri davam etdiriləcək və vaxtında yekunlaşdırılacaq: "Bakıda ictimai nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək, avtobuslarda elektron-ödəmə sisteminə keçid təmin ediləcəkdir. Vətəndaşlarımıza və qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi üçün mövcud avtobus parkı əsaslı şəkildə bərpa ediləcək və yeniləşdiriləcək. Qeyd etmək lazımdır ki, Bakı şəhərində əlavə olaraq 1200 ədəd yeni avtobusa və 2000 ədəd taksiyə ehtiyac var. Şübhəsiz ki, hazırlıq işləri dövründə həllini gözləyən bir sıra məsələlər də olacaq ki, bununla bağlı tərəfimizdən zəruri tədbirlər görüləcək və təşkilat komitəsinə müvafiq hesabat təqdim olunacaq".


DOSTLARINLA PAYLAŞ:

oyunlar