Bakıda məcburi köçkünlər üçün çadır şəhərciyi salınıb
02 Avqust 2012 Cümə Axşamı 12:45
Çadır şəhərciyində Binəqədi rayonu ərazindəki yataqxanada yanğından zərər çəkənlər müvəqqəti yerləşdiriləcəklər.
Binəqədi rayonununda məcburi köçkünlərin binasında baş vermiş yanğın nəticəsində zərərçəkmiş şəxslərin müvəqqəti yerləşdirilməsi üçün yataqxananın yaxınlığında çadır şəhərciyi salınıb. Hadisədən dərhal sonra FHN və Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi ərazidə zərərçəkmiş ailələrin sayına uyğun çadırlar quraşdırıblar.
“Çadır şəhərciyi salınıb. Ailələr burada yerləşdiriləcək və hər şeylə təmin ediləcəklər. Dəymiş ziyan dövlət tərəfindən təmin ediləcək”, - deyə Binəqədi İHB-nın müavini Vüsal İsmayılov bildirib.
Müvəqqəti tədbirlər həyata keçirildikdən sonra yataqxananını yenidən təmiri planlaşdırılır.
Xatırladaq ki, ötən gün günorta saatlarında Binəqədi rayonu Dərnəgül qəsəbəsində yerləşən yataqxanada yanğın baş verib. İlkin ehtimallara görə, yanğın yataqxanaya bitişik olan ət bazarından başlayıb və sonra yataqxananı əhatə edib. Yanğının qarşısını almaq üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin 10-dan çox yanğınsöndürmə briqadası və 4 təcili yardım cəlb edilib. Yanğın zamanı 6 nəfərə tibbi yardım göstərilib. Yanğının baş vermə səbəblərinin dəqiqləşdirilməsi üçün Fövqaladə Hallar Nazirliyində təhqiqat araşdırmasına başlanılıb.