Bakıda hava şəraitində ciddi dəyişiklik gözlənilmir
18 İyul 2012 Çərşənbə 12:33
Sabah dəyişkən buludlu, yağmursuz hava şəraiti proqnozlaşdırılır.
İyulun 19-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.
DOSTLARINLA PAYLAŞ: