Bakıda dəhşətli tıxac müşayiət olunur
25 Avqust 2014 Bazar Ertəsi 17:14
Paytaxtda bir neçə küçənin bağlanması dəhşətli tıxacla müşayiət olunur.
Bakı dairəvi yolu təmirə bağlandı. ANS TV-nin məlumatına görə, bu gecə Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km qədər yəni “Sədərək” ticarət mərkəzinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb. Nəticədə səhər saatlarında bu ərazidə avtomobillərin tıxacı yaranıb. Daha böyük tıxaclar isə onsuz da gündəlik olaraq nəqliyyat sıxlığı yaşanan Bakı-Sumqayıt yolunda müşahidə olunub.

Tıxaclar Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən 20 Yanvar stansiyasına qədər uzanır.Şamaxinkadan Sumqayıta və əks istiqamətdə hər gün səhər saatlarından başlayaraq yolun hər iki tərəfindən nəqliyyatın sıxlığı müşahidə olunur.

Gündəlik olaraq uzunluğu 5 kilometrə çatan bu tıxaclar əsasən Şamaxinka və əks istiqamətdə olan hər iki yolun Bakı Avtovağzal istiqamətində daralması nəticəsində yaranır. Üstəlik yol qəzaları və 5 tondan yuxarı yük avtomlbillərinin hərəkəti nəticəsində zədələnmiş dairəvi yolda bu gün qoyulan məhdudiyyət bu problemi ikiqat artırıb. Saatlarla yolda qalan sürücülər hər gün eyni vəziyyətlə üzləşdiklərini deyir.

Bu istiqamətdə hər gün Bakıya 50 minə qədər avtomobil hərəkət edir. Hərəkət 630-a yaxın yol ayrıcı və 230-a yaxın işıqforlu yol birləşməsi ilə tənzimlənir.

Bakı Şəhər baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Vaqif Əsədov bildirib ki, hazırda Bakı-Sumqayıt yolunun kəsişməsindən yəni, Bakı Beynəlxalq Avtovağzalın inzibati binasının yanından Lökbatan, Astara və digər istiqamətlər üzrə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub, istiqamət dəyişdirililərək, dairəvi yolun qeyd olunan hissəsində nəqliyyatın hərəkəti 7-8 günlük məhdudlaşdırılıb.

Təmir işləri bitənə qədər sürücülər alternativ olaraq Xocasən-Lökbatan yolu vasitəsilə Bakı dairəvi avtomobil yolunun 8-ci km çıxmaqla Lökbatan istiqamətinə hərəkət edə bilər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar