“Hazartürk LTD” MMC şirkətində hazır məhsulların saxlandığı anbarda məhsulun saxlanma şəraitinə əməl olunmur.
Buğda unu istehsal edən “Hazartürk LTD” MMC dörd min manat cərimə edildi.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən buğda ununun istehsalı ilə məşğul olan “Hazartürk LTD” MMC-də dövlət nəzarəti həyata keçirilib.
Araşdırma zamanı müəyyən olunub ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 11) və QOST 26791-89 standartının (bənd 2) tələbləri pozularaq istehsal olunan I növ buğda ununun üzərində heç bir markalanma aparılmır. Həmçinin, hazır məhsulların saxlandığı anbarda məhsulun saxlanma şəraitinə əməl olunmur, dolu kisələr taxta altlıq üzərinə deyil, üst-üstə nəm asfalt-beton üzərinə avtomobil təkərləri, paslı və çirkli ehtiyat hissələri ilə bir yığılır.
Müəssisədə istehsal olunan məhsulların sınağının aparılması üçün laboratoriya yoxdur, akkreditasiya olunmuş laboratoriya ilə müqavilə bağlanılmayıb.
Bundan başqa, istifadə olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçmədən istismar olunur. Bu isə «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa (maddə 11.1) və QOST 8.513-84 normativ sənədin tələblərinə ziddir.
Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq müəssisə rəhbərinə məhsul partiya satışının və yararsız ölçmə vasitələrinin istismarının qadağan edilməsi barədə Tələbnamələr verilib və İnzibati xəta haqqında protokol tərtib edilib.
Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən müəssisənin 4000 (dörd min) manat cərimə olunması barədə Qərar qəbul edilib.