Bakıda 640 milyon dollarlıq olimpiya stadionu tikilir
28 Fevral 2013 Cümə Axşamı 14:56
640 milyon dollarlıq olimpiya stadionunun tikintisi 24 ay çəkəcək.
Türkiyənin “Tekfen İnşaat” şirkəti Bakıda tikdiyi olimpiya stadionu ilə bağlı açıqlama yayıb. Azerisport.az şirkətin saytına istinadən xəbər verir ki, həmin arenanın şirkət tərəfindən tikiləcək ikinci stadion olduğu bildirilir.

Qeyd edilib ki, 1996-cı ildən fəaliyyət göstərən və Azərbaycanda bir çox layihələrə imza atan “Tekfen”in Bakıda tikdiyi stadionun tamaşaçı tutumu 68 min nəfər olacaq.

Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə rəsmi müqavilə imzalanıb. Stadionun tikintisinə bütövlükdə 640 milyon dollar (500 milyon manatdan bir az artıq) xərclənəcək. Arenanın tikintisinin 24 ay çəkəcəyi, 2015-ci ilin martında yekunlaşacağı bildirilib.

Qeyd edək ki, “Tekfen İnşaat” bundan öncə İstanbuldakı “Atatürk Olimpiya” stadionunu inşa edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar