Bakı polisi kartof satır?
05 Noyabr 2014 Çərşənbə 10:18
Şikayətçilər: Polis küçə ticarəti ilə mübarizə adı altında kasıb adamların malını mənimsəyir.
Bakının Maştağa sakinləri polis əıməkdaşının vətəndaşların məhsullarını əlindən alaraq satdığı barədə şikayət ediblər. ANS PRESS-in məlumatına görə, bu barədə aznews.az saytı yazıb.

Bildirilib ki, əlacsızlıqdan yol kənarında öz təsərrüfatlarında becərdikləri meyvə-tərəvəzlərini satarkən polislər onlara hücum çəkərək, mallarını müsadirə edirlər. Şikayət məktubunun maraqlı hissəsi, həmin məhsulların bir qədər kənarda elə polislər tərəfindən satışa çıxarılması barədə qeyd olunanlardır.

Bununla bağlı maraqlı görüntülər yayılıb. İddia olunur ki, polis əməkdaşı avtomobilinin yük yerinə qoyulan kisələrdən kartof və heyvanı paketlərə yığaraq, yaxınlıqdakı mağazaya və başqa şəxslərə satır.

Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər Baş Polis İdarəsinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə araşdırma aparılır. Rəisin sözlərinə görə, səslənən iddialar barədə hələlik heç bir sübut yoxdur.

“Düzü mən inanmıram ki, polis əməkdaşı belə şey etsin. Bu hələlik təsdiqini tapmayıb. Görüntülərdə bilinmir ki, polis məhsul satır, yaxud onlara baxır. Bəlkə polis əməkdaşı yoxlama aparır. Düşünürəm ki, bu həqiqətə uyğun olmayan informasiyadır”, - deyə Qalib Rəhimov bildirib.









DOSTLARINLA PAYLAŞ:

oyunlar