Bakı Olimpiya oyunlarına necə hazırlaşır?
06 Mart 2013 Çərşənbə 15:02
Ziya Məmmədov: Şəhərdə əlavə olaraq 1200 ədəd yeni avtobusa və 2000 ədəd taksiyə ehtiyac var.
Bakıda tikilməkdə olan Olimpiya Stadionuna aparan ayrıca yolun tikintisinə yaxın zamanlarda başlanacaq. ANS PRESS bildirir ki, bu barədə nəqliyyat naziri Ziya Məmmədov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, nazirlik əsas tədbir və oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların tikintisinə xüsusi diqqət yetirir: “Hal hazırda Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi davam etdirilir və 2014-cü ilin əvvəllərində yekunlaşdırılacaq. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya stadionuna birbaşa yolun tikintisinə yaxın günlərdə başlanılacaq və 2015-ci ilin birinci rübündə yekunlaşacaq”.

Nəqliyyat naziri qonaqların gədiş-gəlişinin təmin edilməsi də diqqət mərkəzində olacağını bildirib: "Yüksək səviyyədə xidmətin göstərilməsi üçün Bakı Dəmir Yolu vağzalında yenidənqurma işləri davam etdiriləcək və vaxtında yekunlaşdırılacaq. Bakıda ictimai nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək, avtobuslarda elektron ödəmə sisteminə keçid təmin ediləcək. Vətəndaşlarımıza və qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi üçün mövcud avtobus parkı əsaslı şəkildə bərpa ediləcək və yeniləşdiriləcək. Qeyd etmək lazımdır ki, Bakı şəhərində əlavə olaraq 1200 ədəd yeni avtobusa və 2000 ədəd taksiyə ehtiyac var".

Şübhəsiz ki, hazırlıq işləri dövründə həllini gözləyən bir sıra məsələlər də olacaqdır ki, bununla bağlı tərəfimizdən zəruri tədbirlər görüləcək və Təşkilat Komitəsinə müvafiq hesabatlar təqdim olunacaq".



DOSTLARINLA PAYLAŞ:

oyunlar