Bakı məktəbliləri üçün yeni xəbər
06 Avqust 2012 Bazar Ertəsi 13:22
Bakı məktəbləri bütövlüklə vahid məktəbli formasına keçəcəklər.
2012/2013-cü tədris ilində Bakı məktəbləri bütövlüklə vahid məktəbli formasına keçəcəklər. Bu barədə bazar ertəsi Trend-ə Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı bildirib.

Onun sözlərinə görə, ötən tədris ilində şagirdlərin 90 faizi vahid məktəbli formasına keçmişdi və yalnız 11-ci siniflər məktəbi bitirdikləri üçün forma almağa məcbur deyildilər.

"Builki 11-ci siniflər isə ötən il aldıqları formanı geyə bilərlər. Bununla da məktəbli forması ilə məktəblilərin 100 faizi təmin olunacaq", - Z.Əliqızı deyib.

Sektor müdiri bildirib ki, vahid forma almaq üçün Bakının bütün rayonlarında satış məntəqələri fəaliyyət göstərir və onların sayı artırılıb.
Z.Əliqızı valideynləri geyimləri artıq indidən almağa çağırıb.

"Artıq mağazalarda forma satışına başlanılıb. Tövsiyə edərdik ki, məktəbli formasının alışını sentyabr ayına saxlamadan indidən alsınlar. Çünki bu il təkcə 1-ci sinifə gedənlərin sayı 30 min nəfərə yaxındır və hamı sentyabrda məktəbli geyimi almağa yollansa, sıxlıq yarana bilər".

Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri geyimlərin qiymətində dəyişiklik olmadığını da vurğulayıb. Ötən il ibtidai siniflər üçün geyimin qiymət 40-45 manat, yuxarı siniflər üçün isə 50-53 manat təşkil edirdi.

2007-2008-ci tədris ilindən başlayaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində məktəbli forması tətbiq olunur. 2010-2011-ci tədris ilində idarənin tabeliyində olan bütün təhsil müəssisələrinin I-IV sinif şagirdləri vahid məktəbli geyiminə keçib. Ötən tədris ilindən isə paytaxtdakı ümumtəhsil məktəblərinin bütün siniflərinin şagirdləri vahid məktəbli formasından istifadə etməyə başlayıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar