Azərbaycanlılar 4 ayda ərzaqa 3,2 milyard xərcləyiblər
14 May 2013 Çərşənbə Axşamı 19:37
Gəlirlər az olduqca insanlar öz qazanclarını ərzağa yönəldir.
Dövlət Statistika Komitəsinin açıqlamasına görə bu ilin yanvar-aprel ayları ərzində əhalinin ümümi istehlak xərcləri 5,9 milyard manat təşkil edib. Bu xərclərin 3,2 milyard manatı ərzaq məhsullarının payına düşür. Qalan 2,7 milyard manat isə qeyri-ərzaq məhsullarına olan tələbatı ödəmək üçün xərclənib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu məbləğ 9,4% çoxdur. Ortaya çıxan rəqəm onu göstərir ki, əhali gəlirlərinin 70%-ni ərzaq tələbatını ödəmək üçün yönəldir. Paytaxt sakinləri arasında apardığımız sorğudan məlum oldu ki, 4 nəfərlik ailənin ərzaq üçün sərf etdiyi xərclər 200-300 manat civarındadır. Lakin bu vəsait ərzaq tələbatını heç də həmişə tam şəkildə ödəmir.
Paytaxt sakini Gülər Ağayeva deyir ki, hər gün bazarlıq etməyə məcburdu. Nə qədər qənaət etsə də 3 nəfərlik ailəsini ərzaqla təmin etmək üçün ən azı 200-250 manat xərclənir.
Digər Bakı sakini Rəna Səlimovaya da həftə ərzində ərzaqa minimum 50-60 manat lazım olur.
Qeyd edək ki, hər bir Azərbaycan ailəsinin süfrəsində çörək və ət məhsulları əskik olmayan qidadır. Bununla yanaşı digər yeməklər də kifayət qədər kalorili məhsullardan hazırlanır. Meyvə-tərəvəzin də gündəlik tələbatda öz yeri var. Amma iqtisadçılar son 4 ayda əhalinin ərzaq üçün xərclədiyi 3,2 milyard manatın o qədər də çox olmadığını bildirirlər.
Belə ki, inkişaf etməkdə olan ölkələrə məxsus bir xüsusiyyət var ki, əhalinin gəlirləri az olduğundan ümümi istehlak səbətində ərzaq tələbatna böyük pay düşür.
"Ümumilikdə götürəndə, istehlaka tələbatın artması əhalinin sayının artmasına görədirsə, digər səbəb qiymət artımı ilə əlaqədardır. Bu da son nəticədə insanların ərzağa daha çox pul xərcləməsinə gətirib çıxarır. Gəlirlər az olduqca insanlar öz qazanclarını ərzağa yönəldir. Ona görə də ərzağın payının belə yüksək olması təbiidir", - iqtisadçı Samir Əliyev deyib.