Azərbaycanda uşaq koloniyası ləğv olunur
04 Aprel 2013 Cümə Axşamı 14:52
Bununla bağlı İslah-Əmək Məcəlləsində dəyişikliklər də nəzərdə tutulur.
Azərbaycanda “uşaq koloniyası” kimi tanınan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsi ləğv olunaraq, cəza çəkən yeniyetmələr üçün yeni müəssisə təsis olunacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan “Yuvenal ədliyyə haqqında” qanun layihəsində nəzərdə tutulmaqla yanaşı, bununla bağlı İslah-Əmək Məcəlləsində dəyişikliklər də nəzərdə tutulur.

Yeni layihəyə əsasən, cinayət məsuliyyətinə cəlb olunan yeniyetmələrin islahı sahəsində Avropa standartlarına uyğun bir sıra yeniliklər tətbiq olunacaq və müəssisə indikindən fərqli olaraq tamamilə yeni formada fəaliyyət göstərəcək.

Yeni müəssisə cəzaçəkmə müəssisəsindən daha çox yeniyetmələrə tərbiyəvi-psixoloji yardım müəssisəsi məzmununu alacaq. Yeniyetmələrin tərbiyəvi-psixoloji cəhətdən islah olunması prosesində onların valideynləri və yaxınları da iştirak edə biləcəklər.

Hazırda sözügedən təkliflər üzərində iş gedir, təfərrüatlar “Yuvenal ədliyyə haqqında” layihənin müzakirəsi zamanı açıqlanacaq. Qanun layihəsinin bu il parlamentdə müzakirəyə çıxarılması gözlənilir.

Qeyd edək ki, Azərbaycanda 14 yaşı tamam olmuş şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar