Azərbaycanda qədim yeraltı mağara tapılıb
23 Noyabr 2012 Cümə 15:42
Astarada qırmızı kərpiclərdən hörülmüş tarixi mağara qəribə təsadüf nəticəsində aşkarlanıb.
Astara rayonunun Maşğan kəndində yeraltı kərpic mağara tapılıb. Bu mağara tariximizin hələ açılmamış çox səhifələrinin olduğunun daha bir subutudur. Qırmızı kərpiclərdən hörülmüş yeraltı tarixi mağara qəribə təsadüf nəticəsində aşkarlanıb. Atasının tapşırığı ilə narıngi ağacının yerini dəyişdirmək istəyən Turab İbadov yeri qazarkən maraqlı tapıntını görüb.
Onun sözlərinə görə, bellə yeri qazanda alət kərpiçə dəyib və indi bir həftədir ki, adıçəkilən ərazidə qazıntı gedir. Maraqlısı budur ki, ev sahibləri həmin ərazidə vaxtaşırı əkin işləri aparsalar da yeraltı mağaradan xəbərsiz olublar. Ev sahibi Müqabil İbadovun sözlərinə görə, 75 yaşı olsa da mağaradan xəbər tutmayıb. “Bu hardan gəlib, necə gəlib bilmirəm. Bu yol, qədim bina ola bilər. Hələlik onun dalınca da gedirik ki, görək hara çıxır”.
Qeyd edək ki, qazıntı yerindən üzərində yazılar olan kirəmidlər və qədim əmək alətləri aşkarlanıb. Amma təəsüf ki, bu yazılar ya naxışlar həm ev sahibləri, həm də maraq üçün bura gələn kənd sakinləri üçün anlaşılmaz olaraq qalır.
Tarixi tapıntıya böyük önəm verən kənd ziyalıları isə tarixçi arxeoloqların əraziyə təcili baxış keçirilməsini vacib sayırlar. “Bu qədim bir şəhərin qalıqları ola bilər. Ola bilər ki, İpək yolu bizim kəndimizdən keçib. Biz istəyirik ki, arxeoloqlar gəlib,bununla maraqlansınlar. Bu tapıntının respublika, ərazimiz üçün böyük əhəmiyyət kəsb etdiyini başa düşürük”,deyə kənd sakini Bəylər Həsənov bildiirb.
Hələlik isə İbadovlar ailəsi qazıntı işlərini özü davam etdirir.
DOSTLARINLA PAYLAŞ: