Azerbaycanda hicaba heç bir qadağa yoxdur
12 İyun 2013 Çərşənbə 18:18
Elşad İskəndərov “məktəblərdə hicaba icazə verilməməsi dindən çıxmaqdır” kimi fikirləri bolşeviksayağı yanaşma adlandırıb.
“Bəzi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda hicaba heç bir qadağa yoxdur”. APA-nın xəbərinə görə, bunu 1 illik fəaliyyətinin yekunları ilə əlaqədar aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov bildirib.

E.İskəndərov qeyd edib ki, orta məktəblərdə vahid məktəbli formasının tətbiq edilməsi dini etiqad azadlığı ilə bağlı məsələ deyil, dövlətin dünyəvi təhsilinin prinsipidir: “Məktəb uşaqlar üçün dövlətin təmsilçisidir. Cəmiyyətdə sosial ədalətsizliyə yol verməmək üçün Azərbaycan məktəblərində vahid məktəbli formasına keçilib. Bu proses əslində yetkinlik yaşına çatmayan uşaqların dini etiqad azadlığını qoruyur. Hər bir uşağın gələcəkdə istədiyi dini və ona uyğun yaşam tərzini şüurlu şəkildə seçmək hüququ var. Eyni zamanda anlaşılandır ki, bu proses çərçivəsində az da olsa, məktəb təhsilindən kənarda qalmış balalarımız var. Onların və valideynlərinin narahatlığı anlaşılandır”.

Onun sözlərinə görə, məsələni “hicab problemi” kimi qabardan şəxslər və qruplar sözügedən ailələrin, valideyn və uşaqların yaşadıqları problemin çözülməsi məqsədini güdmür və onun sivil yolla həllinə də yardım etmirlər: “Onların amacı dini siyasiləşdirmək, dövlətlə dindarlar arasında uçurum yaratmaqdır və özlərinin siyasi məqsədlərinə nail olmaqdır. Bizə daxil olan məlumatlar da bunu təsdiqləyir”.

Komitə sədri “məktəblərdə hicaba icazə verilməməsi dindən çıxmaqdır” kimi fikirləri bolşeviksayağı yanaşma adlandırıb: “Bir qrup adam “hicaba icazə verilməməsi” bəhanəsi ilə qız övladlarımızın məktəbə buraxılmamasına çağırır, bununla övladlarımızı təhsildən yayındırır. Bu cür çağırışlar böyük əksəriyyəti dini icmalarda təmsil olunan valideynlərə yönəldiyi üçün mən həmin valideynlərə müraciət edirəm ki, övladlarının kimlərsə tərəfindən istifadə olunmasına yol verməsinlər. İslam həm də elmə əsaslanan dindir və bu dinin əsas prinsiplərindən biri təhsil almaq, oxumaq hüququdur və hətta zərurətidir. Hicabı bəhanə edərək qız övladlarını təhsildən yayındıran valideynlər bununla dinimizin də prinsipini pozurlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar