Azərbaycanda həbsdə olan partiya sədrinin müavini vəfat edib
12 İyul 2012 Cümə Axşamı 11:36
Azərbaycanda həbsdə olan partiya sədrinin müavini vəfat edib.
Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində müalicə alan məhkum, 1951-ci il təvəllüdlü Abdullayev Vaqif Ağasahib oğlu ürək tutmasından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, V. Abdullayev Azərbaycan İslam Partiyasının sədr müavinidir. 2011-ci ilin yanvarın 7-də yol polisi tərəfindən saxlanılıb və barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib.
Daha sonra barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilərək ona qarşı Cinayət Məcəlləsinin 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2011-ci il tarixli hökmü ilə Vaqif Abdullayev 11 il müddətinə azadlıqdan məhrum edilib.
DOSTLARINLA PAYLAŞ: