Azərbaycanda bəbirin ilk fotosu çəkilib
18 Oktyabr 2012 Cümə Axşamı 14:07
Yetgin fərdinin ilk fotoşəkli Zəngəzur Milli Parkının cənub hissəsində lentə alınıb.
əsən Əliyev adına Zəngəzur Milli Parkının cənub hissəsində Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı Parkın ərazisində quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin yetgin fərdinin ilk fotoşəkli çəkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu fakt son illərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsi, ekoloji maarifləndirmə işlərinin aparılmasına real nümunə hesab olunur və nəticə etibarilə bəbirin yaşaması, onun qida obyektləri olan iridırnaqlı heyvanların (beoar keçi, muflon və s.) sayının artması üçün təhlükəsiz şəraitdən xəbər verir.

Fotoşəkli çəkilən bəbirin gənc dişi fərd olması xüsusi sevindirici haldır, çünki bu cür fərdlər onlara uyğun mühitdə yaşayaraq davamlı populyasiyanın yaranmasına başlanğıc verir.

Qeyd edək ki, son illər Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verib.

“Azərbaycan Respublikasının Qırmızı kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahı”sına daxil edilmiş təbiətin nadir incisi olan bəbirlərin tarixi areallarının qorunub saxlanılması məqsədilə ETSN tərəfindən onların məskunlaşdığı sahələrdə (Hirkan və Zəngəzur Milli Parkları, İlisu Dövlət Təbiət Qoruğu və s.) xüsusi mühafizə olunan təbiət əraziləri yaradılıb.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2000-ci ildən Ümumdünya Təbiəti Mühafizə Fondu ilə əməkdaşlıq çərçivəsində ölkə faunasının ən nadir növlərindən biri olan Qafqaz bəbirinin mühafizəsi istiqamətində iş aparır. Bu əməkdaşlıq çərçivəsində 2009-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanda bəbirlərin mühafizəsinə dair Milli Fəaliyyət Planı təsdiqlənib. Planın tərtib olunmasında Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN) bütün dünyada pişikkimilərin nadir nümayəndələrinin mühafizəsi ilə məşğul olan ekspertləri iştirak ediblər.

Fəaliyyət Planı iki əsas istiqamətdə işlərin aparılmasını nəzərdə tutur: bəbirlər yaşayan Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin mühafizəsinin gücləndirilməsi, ölkə üzrə növün populyasiyalarının monitorinqi.

Bir-birindən izolə olunmuş populyasiyalar arasında gen mübadiləsini təmin etmək məqsədilə gələcəkdə iri landşaft vahidləri (ekoloji koridorlar) səviyyəsində işlərin aparılması nəzərdə tutulur.
13 oktyabr 2012-ci il tarixində Moskva şəhərində IDEA beynəlxalq ekoloji kampaniyası və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Rusiya nümayəndəliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb ki, həmin müqaviləyə əsasən iki ölkə arasında bəbirlərin də mühafizəsi istiqamətində işlərin sürətləndirilməsi nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar