Azərbaycan İnterneti ciddi fəsadlarla üzləşə bilər
01 May 2013 Çərşənbə 02:46
Osman Gündüz: İnternetdə kütləvi yayma dedikdə məhkəmələr nəyi əsas götürəcək?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində böhtan və təhqirə görə cinayət məsuliyyətini nəzərdə tutan maddələrə İnternetin də əlavə edilməsi müzakirə edilib və plenar iclasa tövsiyə olunub. Yeni təkliflərə görə İnternetdə böhtan və təhqirlərə görə müxtəlif miqdarda cərimələrdən tutmuş 6 ayadək müddətdə azadlıqdan məhrumetmə də nəzərdə tutulub.
ANS PRESS-in məlumatına görə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Facebook" səhifəsində qeyd edib ki, KİV haqqında qanunda İnternet də KİV kimi göstərilibsə və hətta bununla bağlı məhkəmələrdə bir neçə işlərə də baxılıbsa, artıq kimlərsə hətta bu məsələlərə görə həbs də edilibsə yenidən bunun ayrıca qeyd edilməsinə ehtiyac görmür.
Osman Gündüz hesab edir ki, İnternetin spesifikliyi ilə bağlı məsələlərin (İnternet resursun fiziki olaraq xaricdə yerləşməsi, konkret sahibinin müəyyən olunması mümkün olmayan, digər onlayn mənbələrdən istifadə edilməsi, Forumlarda və çatlarda edilən müzakirələrdə qeyd olunanlar – lakin sonradan silinənlər, anonim situasiyalar və s) tənzimlənməsi çətin olacaq.
“Dəyişikliklərdə böhtan və təhqirin kütləvi nümayişindən söhbət gedir. İnternetdə kütləvi yayma dedikdə məhkəmələr nəyi əsas götürəcək? Fikrimcə əgər normal tənzimləmə olmasa, təklif olunan dəyişikliyin normal tətbiq mexanizmi yaradılmasa, bu tip işlərin məhkəmə baxışı üzrə təcrübə, həmçinin mütəxəssilər olmasa, bu, Azərbaycan İnterneti üçün ciddi fəsadlara gətirib çıxarda bilər”, - deyə Osman Gündüz vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: