AZAL ilk Embraer teyyaresini Bakıya getirib
05 İyul 2013 Cümə 15:55
Aviaşirkət tərəfindən 4 “Embraer-190”, 2 “Embraer-170” tipli təyyarənin alınması nəzərdə tutulub.
“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti sifariş etdiyi ilk “Embraer-190” tipli müasir sərnişin təyyarəsini Bakıya gətirib. Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enən təyyarənin və “Embraer Commercial Aviation” şirkətinin nümayəndə heyətini AZAL-ın rəhbərliyi və aviasiya işçiləri qarşılayıblar.

AZAL-ın prezidenti Cahangir Əsgərov “Embraer-190” tipli müasir sərnişin təyyarəsinin interyeri və göstəriciləri ilə tanış olub.



Dünyada hava daşımaçılığında tanınan Braziliyanın “Embraer Commercial Aviation” şirkətinin QSC üçün hazırladığı “Embraer-190” tipli müasir sərnişin təyyarəsi 106 sərnişin üçün nəzərdə tutulub. AZAL-ın sifarişinə əsasən, təyyarənin daxili və xarici dizaynı yenidən işlənib. Yüksək texnologiya ilə təchiz olunan “Embraer” tipli təyyarələr hazırda dünyada ən uğurlu kommersiya tipli hava gəmilərindən sayılır.

“Embraer Commercial Aviation” şirkətinin Avropa, Rusiya və Mərkəzi Asiya regionu üzrə satış direktoru Klaudie Cheinguer təyyarənin üstünlüklərindən danışarkən deyib ki, ikimotorlu, ortamənzilli “Embraer-190” tipli hava gəmisi daha güclü mühərriklərlə, uzadılmış salonla, geniş qanad dizaynı ilə təchiz edilib. Bu təyyarələr daha az xərclə daha çox sərnişin daşımağa imkan verir. Ən yeni texnologiyaların tətbiqi nəticəsində təyyarədə sərnişinlər üçün rahat şərait yaradılıb.



AZAL-ın vitse-prezidenti Arif Məmmədov isə bildirib ki, ilk dəfə olaraq AZAL-ın aviaparkına Braziliya istehsalı olan “Embraer-190” tipli təyyarə daxil olur. “Qəbələ” adlandırılan bu hava gəmisi AZAL-ın sifariş etdiyi altı təyyarədən birincisidir. Bu təyyarələr dünyanın 50-dən çox ölkəsində özünün səmərəliliyini və təhlükəsizliyini təsdiq edib: “İnanırıq ki, bizim sərnişinlər də bu təyyarələrdən məmnun qalacaqlar. Təyyarənin Bakıya uçuşu zamanı heç bir problem yaşanmayıb, kommunikasiya sistemləri qaydasında fəaliyyət göstərib. Yeni təyyarə həm daxili, həm də beynəlxalq marşrutlarda istismar olunacaq. Bu tipli təyyarələr ekonom sinifli “elit” oturacaqlı konfiqurasiya ilə təchiz edilmişdir. İyulun 5-dən etibarən biz bu təyyarələrlə ölkəmizin daxili hava limanlarına texniki reyslərə başlayacağıq. Sonra isə daxili hava limanları ilə yanaşı, Türkiyəyə, Gürcüstana, Qazaxıstana, Rusiyanın digər şəhərlərinə də uçuşlar həyata keçirəcəyik”.

A.Məmmədov qeyd edib ki, ümumiyyətlə, aviaşirkətimiz tərəfindən 4 “Embraer-190”, 2 “Embraer-170” tipli təyyarənin alınması nəzərdə tutulub. Bu ay və avqustda daha 2 təyyarənin Bakıya gətirilməsi planlaşdırılır. Yeni hava gəmilərinin paytaxtımıza gətirilməsi 2014-cü ilin əvvəlinədək başa çatdırılacaq.



Sonra K.Cheinguer “Embraer-190” tipli sərnişin təyyarəsinin maketini A.Məmmədova təqdim edib. Həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biri olan AZAL-ın təyyarə parkı təhlükəsizliyin bütün tələblərinə cavab verən müasir hava gəmilərindən ibarətdir. Milli aviadaşıyıcımız olan AZAL-ın təyyarə parkında bu gün kifayət qədər “Aerobus-319”, “Aerobus-320”, “Boeing-757-200”, “Aerobus-340-500” və “Boeing-767-300ER” kimi ən müasir avialaynerlər var.



Həmçinin AZAL 2014-cü ildə ilk dəfə olaraq aviaparkına “Boeing-787 Dreamliner” tipli müasir təyyarə də əlavə edəcək. Artıq bu ilin oktyabr-noyabr aylarından “Boeing-787 Dreamliner”in uçuş heyətlərinin hazırlanmasına da başlanacaq. Beləliklə, 2014-cü ildən başlayaraq bu tipli hava gəmiləri ilə uzaq Amerika qitəsinə, Cənub-Şərqi Asiya və Avropanın bir sıra ölkələrinə yüksək komfortlu və təhlükəsiz uçuşların həyata keçirilməsi mümkün olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar