Bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək olan prezident seçkisinə meyxana yazılıb. Azad və Ədalətli Seçkilərə Çağırış Meyxanası.
“YouTube” da paylaşılan meyxananın "Demokratiya naminə incəsənət" (Art for democracy) kampaniyasi olaraq seçkidə vətəndaş fəallığının artırılması və seçkinin ədalətli, şəffaf keçirilməsi əhəmiyyətinin göstərilməsi üçün yazıldığı bildirilib.
Azad və Ədalətli Seçkilərə Çağırış Meyxanası
Hər dövlətin var ehtiyacı real seçkilərə
Xalq gərək qatılsın hər zaman fəal seçkilərə
Arzumdu seçkilərdə olmasın heç nöqsanlar
Azad ölkəmizdə olmalıdı azad imkanlar
Saxtakarlıq etməz ozünə arxayın insanlar
Hər zaman verər təkan, verər macal seçkilərə
Hər dövlətin var ehtiyacı real seçkilərə
Xalq gərək qatılsın hər zaman fəal seçkilərə
Azad olmaq elə nemətdir onun yox əvəzi
Azadlıq üçün Vətən şərtdi, seçkilər tərəzi,
Əgər Avropa Birliyi də ucaldarsa bizi
Aktuallığla baxarlar aktual seçkilərə
Hər dövlətin var ehtiyacı real seçkilərə
Xalq gərək qatılsın hər zaman fəal seçkilərə
Bu yolda yüz ölçəcək bir biçəcəkdir xalqım
Bu çətin sınağı uğurnan keçəcəkdir xalqım
Əlbəttə liderin azad seçəcəkdir xalqım
Səsin azadlıgı verdikcə macal seçkilərə
Hər dövlətin var ehtiyacı real seçkilərə
Xalq gərək qatılsın hər zaman fəal seçkilərə
Səsvermə ən böyük haqqındı bunu bilməlisən
Hətta əlində yağın daşsa atıb gəlməlisən
Layiqli insana səs verməli, dirçəlməlisən
Əgər yanaşırsansa professional seçkilərə
Hər dövlətin var ehtiyacı real seçkilərə
Xalq gərək qatılsın hər zaman fəal seçkilərə
Hər namizədin səs balansı, söz balansı olur
Təki layiqli ola fərq eləməz hansı olur
Bir halda ki illər sonra səs vermə şansı olur
Bayram əhvalıyla getsin hər mahal seçkilərə
Hər dövlətin var ehtiyacı real seçkilərə
Xalq gərək qatılsın hər zaman fəal seçkilərə
Bizim ərənlərimiz, ərlərimiz sözünü deyib
Düşmənin bağrına bir ox batırıb qəddin əyib
Bu millət halallıqnan qazanıb, halal yeyib
Odur ki ehtiyac da duyur halal seçkilərə
Hər dövlətin var ehtiyacı real seçkilərə
Xalq gərək qatılsın hər zaman fəal seçkilərə