Ayrı ev almaq üçün boşanan məcburi köçkünlər var
05 Aprel 2013 Cümə 13:58
Komitə sədri artıq 15 ildir bu tikintiləri və ev bölgüləri tam şəffaf şəraitdə aparıldığını deyib.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov son günlər Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarından köçürülmə ilə əlaqədar mətbuatda yazılan qərəzli yazılara münasibət bildirib.
APA-nın məlumatına görə, Ə.Həsənov qeyd edib ki, bu, Azərbaycanı, onun xalqını, rəhbərini istəməyənlərin ölkəyə qarşı ədalətsiz addımıdır: “Axı görülən işləri bu dərəcədə necə təhrif etmək olar? Bir neçə ailə mənzil almaq üçün bu yaxınlarda BDU-nun yataqxanasına qeydiyyata düşüb. Hətta ayrı-ayrı mənzil almaq üçün 2-3 ay bundan əvvəl boşananlar da var. Biz bunlara göz yummalıyıq? Bu, mümkün deyil. Çünki bu qəsəbələr yataqxanadakı məcburi köçkünlərin sayına uyğun hesablanıb. Biz məcburi köçkünlərə izah etmişik ki, 20 il ərzində ailə içində əmələ gəlmiş ailələr hamısı köçürüləcək. Amma başqa yollarla mənzil almaq mümkün deyil. Müxalifət mətbuatı bu məqamlardan istifadə edib çox qərəzli yazılar yazır. Əsassız yazılarla ləkə götürməyən yerə ləkə salmaq qeyri-mümkündür. Biz artıq 15 ildir bu tikintiləri və ev bölgüləri tam şəffaf şəraitdə aparırıq. Bölgü komissiyalarında “Qaçqınkom”dan cəmi 1 nəfər iştirak edir. Orada rayon icra hakimiyyətlərinin, yataqxanaların, hüquq-mühafizə orqanlarının, QHT-lərin, köçkünlərin nümayəndələri təmsil olunur və məsələlər püşkatma yolu ilə həll olunur. Belə şeyə ləkə salmağa necə cəhd edirlər? Bunun üçün gərək insan olmayasan və vicdanını tamam itirəsən”.
DOSTLARINLA PAYLAŞ: