Auto FM radio gəlir
03 Aprel 2013 Çərşənbə 16:34
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi daxilində yaradılacaq radio Auto FM adlanacaq.
Hər zaman yenilikçi ideyaları ilə fərqlənən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi əldə olunan məlumatları içtimaiyyətə çatdırması üçün əlavə və yeni bir kanalını istifadəyə verməyə hazırlaşır. Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, belə ki, bu yaxınlarda Mərkəz tərəfindən radio istifadəyə veriləcək ki, bu da əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa olaraq Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barəsində maarifləndirmək, geniş əhali kütləsini sistemlərin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, NİİM-də olan məlumatı ictimaiyyətlə paylaşmaq məqsədi daşıyır.

“Bütün dünyada Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzlərinin nəqliyyat məlumatlarını əhaliyə operativ çatdırmaq üçün radio kanalları mövcuddur. Artıq Azərbaycanda da bu praktikadan istifadə olunmağa başlanılacaq və Mərkəz radiosunun fəaliyyəti daha çox sürücülərə və nəqliyyat istifadəçilərinə yönələcək” deyə Mərkəzin baş direktoru Elnur Abdullayev bildirib.

“Auto FM” radioda yuxarıda qeyd olunan məqsədlərdən əlavə, ənənəvi informativ və əyləncəli xarakter daşıyacaq proqramlar, müxtəlif janrlı müsiqi öz əksini tapacaq. Bu radioya dair lisenziyanın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə müsabiqədənkənar 6 il müddətinə verilməsi barədə qərar Milli Televiziya və Radio Şurasının 02 aprel 2013-cü il tarixində baş tutmuş iclası zamanı qəbul edilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprel ayından tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar