Paytaxtda nəqliyyatın hərəkətini yaxşılaşdırmaq üçün Bakının girişlərində yük terminallarının tikilməsi qərara alınıb. İritutumlu maşınlar həmin terminallarda boşaldılacaq. Buradan yükgötürmə qabiliyəti 10 ton olan nəqliyyat vasitələri ilə lazımi ünvana çatdırılacaq. Məqsəd, ilk növbədə, şəhərdə tıxacların qarşısını almaq, nəqliyyatın hərəkətinə maneə yaratmamaqdır.
Bu addım həm də yol örtüyünün qorunması məqsədi daşıyır. Çünki iri yük avtomobilləri, o cümlədən, TİR-lər şəhərdə nəqliyyatın hərəkətinə əngəl yaratmaqla bərabər yol örtüyünə də ziyan vurur. Azəryolservis ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, Nəqliyyat Nazirliyinin hazırladığı 2013-2015-ci il tədbirlər planına əsasən, yük terminallarının tikintisi üçün yekun layihə hazırlanaraq hökumətə təqdim ediləcək.