Abbas Abbasovun oğlu Qoca ilə bağlı bəyanat verdi
29 Mart 2013 Cümə 12:39
Aydın Abbasov deyib ki, Azərbaycan hüquqi dövlətdir və burada hər kəs əməlinə görə cavab verir.
Dünən baş nazirin keçmiş müavini Abbas Abbasovun qohumu olan Qoca Quliyevin Gəncə Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (MCQMİ) əməkdaşları tərəfindən saxlanılması haqda xəbərlər yayılıb. Həmin xəbərlərdə Qocanın həbsi Abbas Abbasovla əlaqələndirilib.
Məsələ ilə bağlı, baş nazirin keçmiş müavini Abbas Abbasovun oğlu millət vəkili Aydın Abbasov “Qafqazinfo”ya açıqlama verib.
Aydın Abbasov deyib ki, Azərbaycan hüquqi dövlətdir və burada hər kəs əməlinə görə cavab verir: “Qoca Quluyev anamın qohumudur, yəni əmisi oğludur. Qohumları seçmirlər. Əlbəttə ki, mənim qohumumdur. Lakin dəfələrlə məsuliyyətə cəlb olunan bir adamın həbsinin Abbas Abbasova, “Milyarderlər İttifaqı”na, mənə nə bağlılığı ola bilər? Bu hadisəni siyasiləşdirmək, nəyəsə bağlamaq məntiqdən uzaqdır. Mən Qocanın işinə ədalətlə baxılacağına inanıram. Günahı varsa cəzalandırlacaq, yoxdursa sərbəst buraxılacaq. Qoca Quluyev kriminal avtoritet deyil. Yəqin hər kəs bilir ki, avtoritet olan adam ailəsini ictimailəşdirmir. Mən onun ailəsinə səbr diləyirəm. O qadının çıxışı bir həyat yoldaşı və ananın müraciəti kimi qəbul edilməlidir. Mənim bəyanatımın səbəbi isə odur ki, bu məsələni siyasiləşdirmək, mənim və atamın adına bağlamaq məntiqsiz yanaşmadır. Aylardır ki, Abbas Abbasovun adı ətrafında yaradılan bu mənasız təxribat xarakterli məlumatlar indiyə kimi necə fiaskoya uğrayıbsa, bu dəfə də belə olacaq” -deyə A. Abbasov bildirib.
DOSTLARINLA PAYLAŞ: