30 nəfər əlil Latviyaya göndərildi
25 İyun 2013 Çərşənbə Axşamı 22:40
Onlar Yurmala şəhərində yerləşən “Vaivari” sanatoriyasına 20 günlük müalicə alacaqlar.
“2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda əlillərin xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, sanatoriya-kurort müalicələrinin təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. ANS PRESS Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu istiqamətdə tədbirlərin davamı kimi, Respublikamızdan 30 nəfər əlil vətəndaş ilk dəfə olaraq Latviya Respublikasının Yurmala şəhərində yerləşən “Vaivari” sanatoriyasına 20 günlük bərpa-müalicəsinə göndərilib.
Bərpa müalicəsinə göndərilən şəxslərin nəqliyyat, müalicə və digər xərcləri qeyd olunan Proqramda nəzərdə tutulan vəsaitdən ödənilib. Eyni zamanda, onların hava limanından yola salınması və qarşılanmaları, müşayiətçi şəxslərlə təmin edilmələri üçün bütün zəruri tədbirlər görülüb. Həmin sanatoriyada aparılan ixtisaslaşan fizioterapevtik müalicə kursu əlillərin səhhətində müsbət dəyişikliklər yaradır.
Qeyd edək ki, bundan öncə əlilliyi olan şəxslərin Ukrayna və Bolqarıstanda da bərpa-müalicə kursu keçmələri təşkil olunub.
DOSTLARINLA PAYLAŞ: