3 əsri görən nənə
11 Aprel 2013 Cümə Axşamı 13:01
118 yaşlı Yasəmən Qasımova Şəmkirdə yaşayır.
Şəmkirdə Azərbaycanın ən uzunömürlü sakinlərindən biri yaşayır. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, uzunömürlü Yasəmən Qasımova 1895-ci ildə elə indi yaşadığı Şəmkir rayonunda dünyaya gəlib. Deməsinə görə, onun digər ailə üzvləri də uzunömürlü olublar. Ekoloji təmiz qida və zəhmət onu bu ahıl yaşadək gətirib çatdıra bilib. Bir neçə il bundan öncəyədək həyət-bacada iş görsə də indi səhhətindəki problemlər buna imkan vermir. 5 övlad dünyaya gətirən Qasımova 6 nəvə, 18 nəticə və 30-a yaxın kötücə sahibidir.
“Mənim ehtiyacım, korluğum, şikayətim olmayıb. Kişi kimi qadın olmuşam. Mən almanlarla müharibədən indiyə qədər yetim, atasız balalar böyütmüşəm”.
Amma Yasəmən Qasımova uzunömürlülüyü onun özünü bir o qədər də maraqlandırmayan təsir bağışlayır. Ailə üzvləri deyir ki, nəvəsinin ailə münaqişəsi zəmnində qətlə yetirilməsi dərdi ahıl qadını daha da əldən salıb. Ağlamaqdan gözləri görməməyə başlayıb.
118 yaşlı nənənin günü övladlarına, nəvələrinə xoş gün arzulamaqla keçir. Yaşı neçə olursa olsun, əksər insanlar kimi onun da ürəyinin arzusu yaşı qədər qoca deyil. O da sağlam və çox yaşamaq arzusundadır.
DOSTLARINLA PAYLAŞ: