Sistemlərin tətbiqi zamanı stansiyanın estetik görkəmi və ümumi dizaynına xələl gətirilməməsinə də xüsusi fikir veriləcək.
Bakı Metropoliteni yenidənqurmadan sonra “28 May” stansiyasının giriş-çıxışından və keçid imkanlarından sərnişinlərin optimal rahat istifadə etməsi üçün bir sıra yeniliklər tətbiq ediləcək. ANS PRESS-in Bakı Metropolitenin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2011-2012-ci illərin Dövlət proqramına uyğun şəkildə yenidən qurulan “28 May” stansiyasında işlər davam etdirilir. Bu mərhələyə daxil olan işlər müəyyən edilmiş qrafikə uyğun aparılır. İşlərin yerinə yetirilməsi zamanı əsas diqqət sərnişinlərin təhlükəsizliyinə yönəldilib.
Hələlik başlıca işlər stansiyanın əsas giriş vestibülündə aparılır. Burada söküntü prosesi yekunlaşmaq üzrədir. İnşaatçılar stansiya üzərindəki günbəzşəkilli hissənin söküntüsünü davam etdirirlər. Bu isə o deməkdir ki, hazırda fəaliyyətdə olan çıxış da tezliklə söküləcək. İdarə rəisinin müavini, tikilən metropoliten müdiriyyətinin rəhbəri Arif Rəsulovun sözlərinə görə, aprel-may aylarında bu hissədə də əsas işlərə başlanılacaq.
Yenidənqurmanın tikinti mərhələsinin ilk prosesinə - fasadın qarşısında sütunların bünövrəsinin qoyulmasına başlanılıb.
Yenidənqurmadan sonra stansiyanın təkcə görkəmi dəyişməyəcək. Burada bir çox avadanlıqlarda və onların iş qabiliyyətində dəyişikliklər ediləcək.
Əsas dəyişikliklər arasında havalandırma və kondisionerləşdirmə sistemlərini qeyd etmək olar. Yuxarı vestibüldə kassa zalı, həmçinin maşın zalı səviyyələrindən başqa, platforma hissəsində yerləşən texniki otaqlarda yerli ventilyasiya sistemi yeniləşdirilərək müasir standartlar səviyyəsinə çatdırılacaq. İqlim nəzarəti müasir kanal sistemlərinə uyğun aparılacaq. Yeni sistemlər hər bir otaqda ayrı-ayrılıqda fərdi iqlim nəzarətini tətbiq etməyə imkan verir. Sistemlərin tətbiqi zamanı stansiyanın estetik görkəmi və ümumi dizaynına xələl gətirilməməsinə də xüsusi fikir veriləcək.