Qafqazın Müsəlmaları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə mayın 20-də İraqa yola düşəcək. QMİ-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər İraq dövlətinin turizm və tarixi abidələr naziri Təhman əl-Çiburinin Bakıya səfəri zamanı edilmiş dəvəti əsasında həyata keçirilir.
Səfərdə A.Paşazadənin İraqın baş naziri Nuri əl-Maliki ilə görüşü də nəzərdə tutulub. Bu görüş zamanı Azərbaycanla İraq arasında əlaqələrin prespektivləri və İraq ərazisində mövcud müqəddəs dini məkanlara ziyarət səfərlərinin bərpa olunması ilə bağlı məsələlər müzakirə olunacaq. Mayın 23-də isə Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək. Səfərdə məqsəd İslam ölkələrinin Vəqflər və İslam işləri nazirlərinin 4-cü konfransında iştirak etməkdir.
Konfransda "İslam cəmiyyətində ideya təhlükəsizliyinin təmin olunmasında vəqflər və İslam işləri nazirliklərinin rolu" mövzusu ətrafında müzakirələr aparılacaq. QMİ sədrinin konfransda çıxışı nəzərdə tutulur. Səfərdə bu ölkənin Həcc naziri Fuad bin Əbdüssəlam Farisi və onun Həcc işləri üzrə müavini ilə görüşəcək. Görüşün nəticəsi olaraq müvafiq protokolun imzalanması nəzərdə tutulur. /ANS PRESS/