İlham Əliyev bir sıra rəsmi görüşlər keçirdi
14 Aprel 2014 Bazar Ertəsi 16:59
İlham Əliyev həmçinin Litvanın daxili işlər naziri Dailis Alfonsas Barakauskasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev aprelin 14-də Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ANS PRESS-in məlumatına görə, İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin, o cümlədən ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Dövlət başçısı Rusiya Federasiyasının Ulyanovsk vilayətinə səfərini məmnunluqla xatırladıb. Ölkəmiz ilə Rusiya Federasiyası və onun subyektləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən investisiya, birgə istehsal və digər sahələrdə fəal əməkdaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev bu əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı əməkdaşlığımızın yeni sahələrinin müəyyənləşdirilməsi baxımından Bakıda keçirilən Rusiya-Azərbaycan biznes forumunun önəmini qeyd edib. Prezident İlham Əliyev Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib.

Böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğulayan Sergey Morozov əməkdaşlığımızın müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Sergey Morozov Azərbaycan ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün Ulyanovsk vilayətində həyata keçirilən işlər və layihələrdən danışdı, əməkdaşlığımızın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev həmçinin Litva Respublikasının daxili işlər naziri Dailis Alfonsas Barakauskasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Litvanın daxili işlər naziri Dailis Alfonsas Barakauskas Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskaytenin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycana bir neçə dəfə səfər etdiyini vurğulayan litvalı nazir ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Dövlət başçısı ölkəmizdə bütün sahələrdə sürətli iqtisadi inkişafa nail olunduğunu məmnunluqla qeyd edib.
Görüşdə Azərbaycan ilə Litva arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Prezident Dalya Qribauskaytenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Litva dövlətinin başçısına çatdırmağı xahiş edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar