Bakıda keçirilən üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunda Azərbaycan təmsilçisi Fatimə Alkərəmova 100 metr məsafəyə qarışıq üsulla üzgüçülükdə 1:05,39 nəticə ilə Azərbaycan rekordunu yeniləyib. APA Sport xəbər verir ki, yarışın təsnifat mərhələsi oktyabrın 1-də Su İdmanı Sarayında baş tutub.
Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən turnirdə ölkəmizi 13 üzgüçü təmsil edir. Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Ramal Sadıqlı, Ramil Vəlizadə, Oqtay Hüseynov, Səid Həmidov, Vlastilina Xasyanova və Yeqor Maynitski səhər seansında ümumilikdə 9 növdə mübarizə aparıblar.
Rekordla yanaşı, Abdurrəhman Rüstəmov 100 metr kəpənək üsulunda 53,02 saniyə göstərərək final mərhələsinə vəsiqə qazanıb. Axşam seansında keçiriləcək finallarda Azərbaycanı daha bir neçə idmançı təmsil edəcək:
- 200 metr brass – Anastasiya Boborıkina;
- 200 metr kəpənək – Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Vlastilina Xasyanova;
- 400 metr sərbəst – Oqtay Hüseynov.
Təsnifat mərhələsində bir sıra üzgüçülər şəxsi rekordlarını da yeniləyiblər. Anastasiya Qnusina 400 metr sərbəst, Vlastilina Xasyanova 50 metr arxasıüstə, Fərhad Şirməmmədli və Amin Oruclu isə 400 metr sərbəst üsulda ən yaxşı nəticələrini göstəriblər. Yeqor Maynitski həm 100 metr qarışıq, həm də brass üsulunda şəxsi nəticəsini yaxşılaşdırıb.
Dünya Kubokunun rəsmi açılış mərasimi saat 18:30-da, axşam finallarından əvvəl keçiriləcək. Qeyd edək ki, yarış 1-3 oktyabr tarixlərində 44 ölkədən 216 idmançının iştirakı ilə Bakı Su İdmanı Sarayında davam edəcək. Üç gün ərzində hər gün səhər təsnifat üzgüşləri, axşam isə final seansları keçiriləcək.
Beynəlxalq səviyyəli turnirin Bakıda təşkili yerli üzgüçülərə dünyanın aparıcı idmançıları ilə öz hovuzlarında yarışmaq imkanı verir. Alkərəmovanın ölkə rekordu və Rüstəmovun final vəsiqəsi Azərbaycan komandası üçün yarışın ilk günündə əsas nəticələr kimi qeydə alınıb.
Mənbə: APA Sport




Şərhlər