Azərbaycan rəsmilərinin İsrailə səfəri gözlənilir
13 Yanvar 2010 Çərşənbə 15:25
Bu barədə İsrailin Azərbaycandakı səfiri məlumat verib
İsrail xarici işlər naziri Aviqdor Libermanın fevralda Bakıya səfər etməsi gözlənilir. İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotemin ANS-ə verdiyi məlumata görə, hazırda iki ölkənin rəsmiləri arasında səfərin texniki tərəfləri müzakirə olunur.
"Hazırda hər iki tərəf arasında səfərlə bağlı müzakirələr gedir. Tərəflər səfərin dəqiq tarixi ilə bağlı məsələni müəyyənləşdirməyə çalışır. Deyə bilərəm ki, Aviqdor Liberman Azərbaycan siyasətçilərini çox yaxşı tanıyır. Eynilə Azərbaycanda da Libermanın fəaliyyətinə yaxından bələddirlər. Biz yalnız səfərin təfərrüatlarının texniki məqamları üzərində işləyirik. Ümid edirəm ki, səfər baş tutacaq", - deyə səfir bildirib.
Səfirin sözlərinə görə, ötən il Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlər üçün xoş il olub. Hərbi-texniki əməkdaşlıq və getdikcə artan mal dövriyyəsi İsraili Azərbaycanın starteji tərəfdaşlarından birinə çevirib. Məhz bu səbəbdən İsrailin xarici işlər nazirinin Bakıya səfərinin baş tutması ehtimalı böyükdür.
Səfir onu da bildirib ki, İsrail hökumətinin bir sıra digər üzvlərinin də Azərbaycana səfəri planlaşdırılır.
"Bu səfərlərlə bağlı konkret təfərrüatları açıqlaya bilmərəm. Yalnız deyə bilərəm ki, bir neçə aya infrasturuktur nazirinin Azərbaycana gəlməsi nəzərdə tutulur. Eləcə də bu müddət ərzində Azərbaycanın bir sıra dövlət rəsmisinin İsrailə səfər etməsi gözlənilir", - deyə səfir əlavə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: