Servelat kolbasaları da zay çıxdı
16 Fevral 2011 Çərşənbə 16:33
Daha bir istehsalat sahəsində keyfiyyətsiz ət məhsullarının istehsalı və satışı aşkarlanıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan monitorinqlər zamanı vaxtı ötmüş kolbasalar aşkar edilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, araşdırma zamanı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivində Ruslan Şərifova məxsus istehsalat sahəsində istehsal olunan “Servelat” kolbasalarının üzərində saxlama müddətinin göstərilmədiyi aşkar edilib.

Bununla əlaqədar, dövlət xidməti tərəfindən Ruslan Şərifova məxsus istehsalat sahəsində ət məhsullarının istehsalı və satışının qanunauyğunluğu ilə bağlı araşdırmalara başlanılıb.

Aparılan araşdırmalar zamanı “Servelat” kolbasalarının gigiyenik və uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə müəssisənin anbarında saxlama müddəti ötmüş 750 kq toyuq ətinin olduğu aşkar edilib.

Gigiyenik və uyğunluq sertifikatı olmadan istehsal edilən 60 kq kolbasa və saxlama müddəti ötmüş 750 kq toyuq əti dövlət xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Aşkar edilən qanun pozuntuları ilə əlaqədar, “Servelat” kolbasalarının istehsalının dayandırılması və müəssisə tərfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanan həmin kolbasaların geri yığılması barədə sahibkar Ruslan Şərifova icrası məcburi göstəriş verilib.

Haqsız rəqabətə yol verdiyinə görə Ruslan Şərifov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar