Azərbaycanda bəzi dərmanlar qadağan olunur
06 Aprel 2012 Cümə 15:34
Bəzi dərmanların idxalı, satışı və istifadəsi ilə bağlı qərar qəbul olunacaq
Azərbaycan Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Şurasının aprelin sonu, mayın əvvəlində keçirilməsi nəzərdə tutulan iclasında "Bor turşusu" adlanan dərman və qatifloksasin tərkibli antibiotiklərin ölkə ərazisində istifadəsi, satışı və idxalına qadağa qoyulması məsələsi müzakirə ediləcək. Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin iclasda bu dərmanların idxalı, satışı və istifadəsi ilə bağlı qərar qəbul olunacaq.
"Bor turşusu" və qatifloksasin tərkibli antibiotiklərin istifadəsi, satışı və idxalına qadağanın qoyulması zərurəti həmin dərmanların insan orqanizminə mənfi təsirlərinin çox olması ilə bağlıdır.
Hazırda yüksək toksikliyi olduğu üçün Azərbaycanda "Bor turşusu" müəyyən məhdudiyyətlərlə istifadə edilir. "Bor turşusu" dövlət qeydiyyatına alınsa da, qatifloksasin tərkibli antibiotiklər dövlət qeydiyyatına daxil edilməyib. Hazırda qatifloksasin tərkibli antibiotiklər ölkəyə nə idxal, nə də istifadə edilir. Buna baxmayaraq, bu antibiotiklərin satışı və istifadəsinin qadağan edilməsi zərurəti var. Gələcəkdə hansısa iş adamı Azərbaycana qatifloksasin tərkibli dərman idxal etmək istəsə, onun müraciətinə müsbət cavab verilməyəcək və həmin dərmanlar dövlət qeydiyyatına alınmayacaq.
Nazirlikdən bildirilib ki, ötən ilin sonunda Azərbaycanda ABŞ istehsalı olan, subitramin tərkibli, arıqlamaq üçün nəzərdə tutulan "Miridia", şəkər xəstələri üçün nəzərdə tutulan rosiqlitazon tərkibli "Avandiya" və "Avandamed" dərmanlarının dövlət qeydiyyatı ləğv edilib. Həmin dərmanların Azərbaycanda istifadəsi, satışı və idxalı qadağan edilib.
Qeyd edək ki, adıçəkilən dərmanların istifadəsinə bu yaxınlarda Avropa ölkələrində də qadağa qoyulub.
DOSTLARINLA PAYLAŞ: