“Aysu” malları almayın!
30 İyul 2010 Cümə 12:05
“Aysu Qida Sənaye LTD” MMC-nin 40 ton məhsulunun məhv edilməsi barədə məcburi göstəriş verilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ticarət şəbəkələrində keçirilmiş yoxlamalar davam etdirilir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu yoxlamalar zamanı Abşeron rayonu, Sumqayıt şosesi 13-cü km-də yerləşən “Aysu Qida Sənaye LTD” MMC-də istehsal edilmiş və 0,2 litrlik plastik stəkanlara qablaşdırılmış “Fruks” seriyalı portağallı sərinləşdirici içkilərin etiketində istehsal və son istifadə tarixlərinin göstərilmədiyi aşkar edilib.
Müəssisədə aparılan yoxlamalar zamanı limonadların etiketlərində saxlama müddətinin normativ sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, bəzi limonadların və təbii bulaq suyunun etiketlərində onların qazlı suya aid AZ 009-94-ə uyğun istehsal edildiyinin göstərildiyi, kvasların qapaqlarında lazer vasitəsi ilə vurulmuş istehsal və son istifadə tarixlərinə əsasən saxlama müddəti 6 ay olduğu halda, məhsulun etiketində saxlama müddətinin 12 ay göstərildiyi, “Fruks” seriyalı sərinləşdirici içkilərin etiketlərində istehsal və son istifadə tarixinin göstərilmədiyi məlum olub. Bundan başqa, qablaşdırılmış günəbaxan tumlarının üzərinə lazer vasitəsi ilə vurulmuş istehsal və son istifadə tarixinə əsasən, saxlama müddəti 6 ay olduğu halda, etiketlərində saxlama müddətinin 12 ay göstərildiyi və məhsulun hansı normativ sənədin tələblərinə uyğun istehsal edildiyinin göstərilmədiyi aşkar olunub.
Müəssisədə istehsal olunan “Fruks” seriyalı sərinləşdirici içkilərin, qablaşdırılan noxud və noxud ləpəsinin, unun, qara və qırmızı mərcinin, düyünün, şəkər tozunun, lobyanın uyğunluq və gigiyenik sertifikatları, günəbaxan tumlarının uyğunluq sertifikatı, limonadların isə gigiyenik sertifikatının olmadığı müəyyən edilib.
“Aysu Qida Sənaye LTD” MMC-nin anbarında mənşəyi məlum olmayan meyvə cemləri və limonad istehsalında xammal kimi istifadə olunan saxlama müddəti ötmüş aromatlaşdırıcılar da aşkar edilib. Yoxlama zamanı həmçinin, hazır məhsulun anbarda saxlanılması zamanı temperatur rejiminə əməl edilmədiyi və istehsal olunan sərinləşdirici içkilərin qablaşdırılmasında istifadə olunan polietilen butulkaların istehsalı üçün uyğunluq sertifikatının olmadığı müəyyən edilib. Müəssisənin anbardakı məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Aşkar edilmiş pozuntularla əlaqədar sərinləşdirici içkilərin, təbii və qazlı suların, noxud və noxud ləpəsinin, unun, qara və qırmızı mərcinin, düyünün, şəkər tozunun, lobyanın və günəbaxan tumlarının istehsalının və satışının dayandırılması, bu malların ticarət şəbəkələrindən geri yığılması, habelə anbarda aşkar edilmiş normativ sənədlərin tələblərinə uyğun olmayan 40 ton məhsulun mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilməsi barədə “Aysu Qida Sənaye LTD” MMC-yə icrası məcburi göstəriş verilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “Aysu Qida Sənaye LTD” MMC-nin istehsalı olan “Aysu” əmtəə nişanlı malları almamağı tövsiyə edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: