Zülfiyye Hüseynova naziri ittiham etdi
07 Avqust 2013 Çərşənbə 20:24
Zülfiyye Hüseynova: Ne Gencler ve İdman Nazirliyinden, ne de Cüdo Federasiyasından heç kim menimle, bu uğurumla maraqlanmadı.
İndiyə qədər sambo üzrə 5 dəfə, cüdo üzrə isə 4 dəfə dünya çempionu titulunu qazanan, dəfələrlə beynəlxalq turnirlərin qalibi olan Zülfiyyə Hüseynova bu günlərdə daha bir analoji uğura imza ataraq Azərbaycanın bayrağını qaldırıb. O, iyun ayında cüdo üzrə 5-ci dəfə dünya çempionu adını qazanaraq onqat dünya çempionu statusunu rəsmiləşdirib.Z.Hüseynovanın narazılığı da elə bundan sonra başlayıb. Səbəb? Bu suala xanım idmançının virtualaz.org saytına müsahibəsində cavab verib. Ağır ittihamlarla dolu olan müsahibəni təqdim edirik.

- Zülfiyyə xanım, neçə illərdir peşəkar idmançı kimi qələbələr qazanıb həm özünüz sevinirsiniz, həm də ölkəmizin idmansevərlərini sevindirirsiniz. Amma bu dəfə nəsə narazı qalmısınız. Səbəb nədir? Nə baş verir?

- Öncə hər kəsi Ramazan bayramı münasibətilə təbrik edirəm. Mən 27 ildir idmandayam. İndi ustalar arasında döyüşürəm. ABŞ-da ustalar arasında keçirilən çempionat bu yaxınlarda başa çatıb. Mayamidə keçirilən birincilikdə dünya çempionu olub Azərbaycanın bayrağını bir daha ən yüksək zirvəyə qaldırdım. Amma Bakıya gələndən sonra zəng edib quruca “çox sağ ol” da deyən olmadı. Nə Gənclər və İdman Nazirliyindən, nə də Cüdo Federasiyasından heç kim mənimlə, bu uğurumla maraqlanmadı. Haqqımı yeyirlər.

- Haqqınızı kim yeyir?

- Mən demirəm ki, mənə məxsus olmayanı versinlər. Mən sadəcə öz haqqımı, haqqım olanı istəyirəm. Nazirlikdən də, federasiyadan da haqqımı yeyirlər.

- Nazirlikdən haqqınızı yeyən şəxsin ismini deyə bilərsinizmi?

- Əlbəttə, deyərəm. Niyə demirəm ki?! Mənim haqqımı birbaşa gənclər və idman naziri Azad Rəhimov yeyir.

- Azad Rəhimov? Yəni o həddə çatıb məsələ?

- Hə. Xahiş edirəm, mənim bu cümlələrimi olduğu kimi verin. Heç nəyi kəsib çıxarmayın. Mən uşağımı nəmişli, rütubətli evdə böyüdürəm. Dövlət başçımıza bununla bağlı neçə dəfələrlə məktub yazmışam. Amma məktublarım nədənsə ona çatmır. Çünki tapşırıq, göstəriş belədir. Tapşırıblar ki, məktubum prezidentə çatmasın. Aparatdan (Prezident Administrasiyasını nəzərdə tutur-red.) bir nəfər var, həmin adam şəxsən özü mənə deyib bunu. O, mənə dedi tapşırıblar ki, sənin məktubun ölkə başçısına çatmasın. Aparatdan Fatma Abdullazadənin köməkçisi Mehman müəllim mənə zəng edib dedi ki, sən ölkə başçısına məktub yazmısanmı. Dedim bəli, yazmışam, haqqımı istəyirəm. Mən Mehman müəllimə də dedim ki, evim rütubət içindədir, nəmişlidir. Qayıdıb mənə nə desə yaxşıdır?! Deyir ki, mən sizin evinizə baxmalıyammı.

- Amma sizə qarşı ittihamlar da var, deyirlər ki, Zülfiyyə xanımın iddiaları yersizdir, çünki onun “Toyota Prado”su var...

- “Prado”nu mənə ötən il ölkə başçısı verib. Azərbaycan bayrağını göylərə qaldırmışam, prezidentimiz də bunu qiymətləndirib. Bir də ki, sən mənə xanım demə. Elə Zulya de. Deyim niyə? Xanımın qulluqçusu olar. Mənim “Prado”m var. Bəs 30 santimetrlik don geyinənlərin nəyi var?! “Hummer”ləri, “Brabus”ları, daha bahalı avtomobilləri, bağları, villaları var. Onlar gözlərinə girmir, mənim “Prado”m girir? Qısa don geyinənlərə sponsorluq edirlər. Mənsə Azərbaycan bayrağını qaldırmaq üçün yarışlara gedəndə rəisimə deyirəm, o, yardım edir, gedirəm. Rəisim yaxşı adam olmasaydı, necə olacaqdı? 30 santimetrlik don geyinənlər gərəklidir, yoxsa ölkənin bayrağını yüksəklərə qaldıranlar?! 30 santimetrlik don geyinənlərə həmin “Hummer” və “Brabus”ları, bahalı avtomobilləri, bağları, villaları guya “əmilər, dayılar” alır.

- Sizi idmanla bağlı dövlət tədbirlərinə çağırırlarmı?

- Xeyr.

- Səbəb?

- Səbəbini dedim də. Bunu ölkə başçısı məndən soruşanda da deyəcəm ki, axı mənim haqqım olanı vermirlər. Mən 4 dəfə əməliyyat olunmalıyam. Amma maraqlanmırlar. Mən üstümə düşən vəzifəni icra edirəm, döyüşürəm və bayrağımızı yüksəklərə qaldırıram. Amma əvəzində Gənclər və İdman Nazirliyindən və federasiyadan heç bir qayğı, diqqət görmürəm. Allahın adicə “sağ ol”unu da çox görürlər. Mənə deyirlər ki, gömrükdə işləyirsən. Nə olsun? Gömrükdə işləyirəm deyə mənim başımdan pullar tökülür bəyəm? Yox! Mən hələ prezident təqaüdü də almıram. Deyirlər ki, maaş alırsan. Mənə qarşı nə vaxta qədər haqsızlıq olacaq? Bu, bəyəm mənim günahımdır ki, damarımda azərbaycanlı qanı axır? Gərək mənim də qanımda qarışıq qan olsun ki, qədrimi bilsinlər? Mən sözü düz üzə deyirəm. Allahdan başqa da heç kimdən qorxum yoxdur. Mənim haqqımı verməyənlərə haqqımı halal etməyəcəyəm.

- Bəlkə bu cür cəsarətli danışmağınıza görədir ki, sizə qarşı belə mövqedədirlər?!

- Mən nazir Azad Rəhimova demirəm ki, dur, yerində mən oturum. Ölkə başçısı etimad göstərib vəzifəyə qoyursa, bu etimada layiq və sadiq olmaq lazımdır. İndi isə bu belə deyil. Filankəsin əmisi Prezident Aparatında işləyirsə, kiminsə dayısı hər hansı bir nazirlikdə vəzifə tutursa, onu qabağa çəkirlər. Sizcə, bu doğrudurmu? Xeyr, doğru deyil.

- Açıqlamalarınızın birində demişdiniz ki, deputatlığa namizədliyinizi irəli sürəcəksiniz...

- Sürmüşdüm də. Namizədliyim qeydə də alınmışdı. Mən namizədliyimi Nərimanov rayonu ərazisindən irəli sürmüşdüm. Amma səhhətimdə ciddi problemlər olduğundan ərizə yazıb namizədliyimi geri götürdüm.

- Rüstəm İbrahimbəyov...

- (sözümü kəsir) Rüstəm İbrahimbəyova azərbaycanlı deməyə dilim gəlmir. Bu adam heç öz ana dilində danışa bilmir. İndi durub mənim üçün ölkə başçısı olacaq?! Yaxud Əkrəm Əylisli olsun. Əkrəm Əylisli, bəs sənin nəyin əskik idi?! Şəhərin mərkəzində bahalı evin, şəraitin, hər şeyin vardı. İkisini də tikələyərdim. Mən bu adamları başa düşə bilmirəm...


DOSTLARINLA PAYLAŞ:

oyunlar