Yarmarkada at əti satışı aşkar edildi
01 Avqust 2012 Çərşənbə 11:02
Məlum olub ki, Bərdə şəhərindən gətirilmiş ətin 140 kq at əti olub.
Sumqayıt şəhəri kənd təsərrüfatı yarmarkasında dana əti adı ilə at ətinin satılmasının qarşısı alınıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətidən ANS PRESS-ə verilən məlumata görə, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsinə daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən kənd təsərrüfatı yarmarkasında araşdırma aparılıb.

Araşdırma zamanı zamanı müəyyən olunub ki, özünü Bərdə şəhər sakini Novruzov Zaur Məmməd oğlu kimi təqdim edən şəxs tərəfindən 27 iyul tarixində Bərdə rayonundan mənşəyi məlum olmayan ət alınaraq Bərdə şəhər sakini Həsənov Elçin İsgəndər oğluna məxsus 10 KA 650 dövlət nömrə nişanlı DAEWOO “ESPERO” markalı avtomobillə yarmakaya gətirilib. Vətəndaşlara mal əti adı ilə 1 kiloqramı 4-5 manata satılan ətin dana əti olmadığı, istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu aşkar olunaraq ətin mənşəyi barədə araşdırma aparılıb. Məlum olub ki, Bərdə şəhərindən gətirilmiş ətin 140 kq at əti, 25 kq camış əti, 18 kq isə qoyun ətidir. Bunu Novruzov Zaur Məmməd oğlu özü də yazılı izahatında təsdiq edib.

İstehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə əlaqədar toplanmış materiallar qanunvericilik çərçivəsində tədbirlər görülməsi məqsədilə Sumqayıt şəhəri Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Mənşəyi məlum olmayan ətlərdən nümunələr seçilib və müayinələr üçün laboratoriyaya təqdim edilib. Araşdırmalar davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar