Un, süd və şəkərin tərkibi dəyişdirilə bilər
20 Fevral 2013 Çərşənbə 17:10
Hadı Rəcəbli: Artıq Azərbaycanda duzun tərkibinin zənginləşdirilməsi həyata keçirilir.
Azərbaycanda un, süd və şəkərin tərkibi zənginləşdiriləcək. “Trend”in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişiklik müzakirə olunub.

Dəyişiklik qanunun "Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri" adlı 3-cü maddəsində edilib. Dəyişiklikdə qeyd olunur ki, əhalinin sağlamlığının möhkəmləndirilməsi və xəstəliklərin profilaktıkası məqsədilə yeyinti məhsullarının, xüsusilə, duz, un, süd və şəkərin mikronutriyentlərlə zənginləşdirilməsinin tətbiq edilməsi və müvafiq normativ hüquqi aktların hazırlanması təmin edilməlidir.

Komitə sədri Hadı Rəcəbli iclasda bildirib ki, artıq Azərbaycanda duzun tərkibinin zənginləşdirilməsi həyata keçirilir. Rəcəbli qeyd edib ki, bu xarici ölkələrdə uzun müddətdir həyata keçirilir, ərzağın tərkibi zənginləşdirilir. "Misal üçün, Çində ərzaq məhsullarına bir sıra vitaminlərin əlavə edilməsi nəticəsində son illər ərzində əhalinin boyu 8 sm artıb. O mikronutriyent əlavələr nə ərzağın dadında, nə də iyində öz təsirini göstərir, lakin əhalinin sağlamlaşdırılmasına öz töhfəsini verir", - o deyib.

Qanuna dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyyə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar