Su və kanalizasiya xidmətlərinin istifadəçiləri 1,6 faiz artıb
19 İyul 2012 Cümə Axşamı 19:20
“Azərsu” ölkə üzrə 1 110 815 abunəçiyə xidmət göstərir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkə üzrə 1 110 815 abunəçiyə xidmət göstərir. Cəmiyyətin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, istehlakçıların 97 faizini əhali, 3 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir.
Bu ilin ikinci rübündə içməli su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınmış istehlakçıların sayı 17 135 abunəçi və ya 1,6 faiz artıb. Abunəçi sayında artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş verib.
“Azərsu” ASC istehlakçıların su sayğacları ilə təmin olunmasına da xüsusi diqqət yetirir. 2012-ci ilin ikinci rübündə 11 350 abunəçi sayğacla təmin olunub. Bununla da ölkə üzrə sayğaclı abunəçilərin sayı 534 385-ə çatıb. Hazırda abunəçilərin 48,1 faizi sayğacla təmin olunub.
DOSTLARINLA PAYLAŞ: